BAKI, 10 iyun. TELEQRAF
Gündüz Arietid meteor yağışı bu gün özünün ən pik nöqtəsinə çatacaq.
Bu barədə Teleqraf-a Bakı Dövlət Universitetinin (BDU) Astrofizika kafedrasından məlumat verilib.
Bildirilib ki, aprelin 14-dən başlayan meteor yağışı iyunun 24-dək davam edəcək və gündüz Arietid meteor yağışı bu gün ən yüksək fəallığa malik olacaq.
BDU-nun Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, meteor yağışının pik nöqtəsinə çatması iyunun 10-u Bakı vaxtı ilə saat 18:00 üçün gözlənilir. Bu səbəbdən ən yaxşı müşahidə şəraiti iyunun 11-i səhər saatlarında olacaq. Pikdə bu meteor selinin saatda təxminən 50 meteor buraxacağı gözlənilir. Bakıda isə saatda 15 meteor görə bilərik.
Gündüz Arietid meteor yağışının 1989-cu ildə kəşf olunmuş, 8.5 il dövrü perioda malik “121P/Shoemaker-Holt” adlı kometlə əlaqəli olduğu qəbul olunurdu. Lakin sonradan astronomlar onun 1949-cu ildə kəşf olunmuş “Ikarus” adlı asteroiddən qaynaqlanma ehtimalını da araşdırdılar.