BAKI, 4 iyun. TELEQRAF
Azərbaycanda Qurban bayramı namazının vaxtı açıqlanıb.
Teleqraf-ın xəbərinə görə, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə bildirib ki, paytaxt Bakının Əjdərbəy məscidində bayram namazı iyunun 6-da saat 08.00-da, Təzəpir məscidində isə 09.00-da qılınacaq.
"Bu ilki bayram, AMEA Şamaxı Rəsədxanasının hesablamalarına əsasən Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının fətvasında qeyd olunduğu kimi, hicri-qəməri təqvimlə zilhiccə ayının 10-na, miladi tarixlə 6 iyun tarixinə təsadüf edir. Qurban bayramı namazları ölkəmizin bütün mərkəzi məscidlərində qeyd olunacaq", - o vurğulayıb.
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən iyunun 6, 7-si Qurban bayramı günləri müəyyən edilib.
Bu il 7 iyun şənbə gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə uyğun olaraq, 9 iyun qeyri-iş günü olacaq.
Beləliklə, 8 iyun bazar gününə təsadüf etdiyi üçün Qurban bayramında ardıcıl 4 gün – 6, 7, 8 və 9 iyun tarixləri qeyri-iş günləri olacaq.