BAKI, 4 iyun, TELEQRAF
İslam aləmində müqəddəs bayramlardan biri olan Qurban bayramına sayılı günlər qalıb. Bu bayram müsəlman ölkələrində qurbanlıq heyvan kəsməklə qeyd olunur. Azərbaycanda da bir çox insanlar bayram ritualını yerinə yetirirlər.
Bəs Qurban bayramına xüsusi hazırlaşmaq lazımdırmı? Qurban bayramında hansı heyvan kəsilə bilər? Qurban əti necə paylanmalıdır? Niyyət edilən qurban bayramda kəsilə bilər?
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Hacı Fuad Nurullayev Teleqraf-a açıqlamasında deyib ki, qurban bayramına qeyri-adi hazırlaşmağa ehtiyac yoxdur.
Onun sözlərinə görə, maliyyə vəziyyəti yaxşı olan insanlar bir və ya bir neçə heyvan kəsmək üçün öncədən hazırlaşırlar:
“Onlar harada kəsəcəklərini, kimlərə qurban paylayacaqlarını öncədən müəyyən edirlər. Vətəndə olan insanlar üçün qurban kəsmək vacib deyil, müstəhəbdir. İmkanı olanlar qurban kəssələr və imkanı olmayanlara paylasalar, daha yaxşı olar. Lakin Məkkədə olan insanlar üçün qurban kəsmək vacibdir”.
İlahiyyatçı kəsilən qurbanın 3 hissəyə bölündüyünü deyib: “Ətin bir hissəsini öz ailəsinə sərf edə bilər. Digər 2 hissə isə yaxın qohumlardan başlayaraq ehtiyacı olanlara paylanmalıdır. Qurban qoyundan, keçidən kəsilməlidir, ondan yuxarı iribuynuzlu heyvanlardan, danadan, öküzdən və dəvədən də kəsilir. Bəzən “Hind toyuğundan, xoruzdan qurban kəsdim” deyənlər olur. Bu, qurban sayılmır.
Heyvanın mütləq yaş fərqinə fikir vermək lazımdır. Xırdabuynuzlu heyvanın yaşı 8 aydan yuxarı olmalıdır, 1 ili ötsə daha yaxşı olar. İribuynuzlu heyvanın yaşı 1 yaş və 1 yaşdan yuxarı olsa, daha yaxşıdır. Dəvənin yaşı isə mütləq minimum 5 olmalıdır. 5 yaşdan aşağı dəvə qurban kəsilməz”, - o vurğulayıb.

Niyyət edilən qurbanı bayramda kəsməmək məsləhətdir
Niyyət edilən qurban məsələsinə gəldikdə isə F.Nurullayev bildirib ki, insan arzusunun yerinə yetməsi üçün qurban dedikdə əlində maddi imkan olan zaman dərhal o qurbanı kəsməlidir:
“Bunu icra etməmək günahdır, çünki o insan Allahla əhdi-peyman edib. İmkanlı insanlar Qurban bayramında İsmayıl qurbanını kəssə daha yaxşı olar. İsmayıl qurbanını kəsdikdən sonra isə əhd etdikləri qurbanı kəsə bilərlər.
Məsləhət görülür ki, əhd və niyyət qurbanı bayramdan başqa vaxtda kəsilsin, bu daha bəyəniləndir. Qurban bayramı günü bir çox insan qurban kəsir və paylayır. Bu zaman qurban payı çox olduğu üçün israfa səbəb ola bilər. Buna görə əhd, niyyət qurbanının başqa vaxt kəsilməsi daha məqsədəuyğundur”.
F.Nurullayev Qurban bayramından əvvəlki günün Ərəfə günü olduğunu deyib:
“Bu yalnız Məkkədə olan insanlara aiddir. Onlar həmin gün Ərəfat dağına çıxır və məxsusi dualar oxuyurlar. Ərəfə günü və axşamı Həcc ziyarətində olanlar daş yığır, səhəri gün şeytana daş atır, ardınca qurbangaha gəlib qurban kəsirlər. Bu hökmlər Həcdən kənar insanlara aid deyil. Qurban bayramında istənilən duaları etmək olar”.
Azərbaycan İlahiyyat İnstitutunun dosenti, fəlsəfə doktoru Elvüsal Məmmədov da qurban kəsməyin İslam dininə görə vacib ibadət olmadığını deyib.
“Bu müstəhəb sayılan əməllərdən biridir. Əlavə pul toplamaq imkanına sahib, borcu olmayan, imkanı çatan insanların qurban kəsməsi bəyəniləndir. Həmçinin qurban heyvanı almaq və ya kəsmək şəxsin gündəlik, aylıq yaşayışına təsir etmirsə, qurban kəsə bilər. Borcu olan, ehtiyaclarını ödəyə bilməyən insanlar qurban kəsməkdən azaddırlar”, - deyə əlavə edib.

Erkək heyvan qurban kəsilməlidir
Elvüsal Məmmədov qurban kəsilən heyvanın erkək olmasının daha uyğun görüldüyünü bildirib.
“Qurban kəsilən heyvan sağlam, əzaları qüsursuz olmalıdır. Əks halda kəsilməsi məsləhət görülmür, çünki bu, Allahın adına kəsilən heyvandır. Qurbanlıq heyvan gözəgəlimli olmalıdır, Allaha layiq bilinməlidir”, - deyə əlavə edib.
E.Məmmədov niyyət qurbanının bayramda kəsilməsinin yolverilməz olduğunu deyib:
“Qurban bayramında İsmayıl qurbanı kəsilər və bu qurbanı hər hansı qarşılıq üçün kəsə bilmərik. Niyyət qurbanını kəsməyə imkan olmadıqda bu, günah sayılmır, imkan çatdıqda dərhal kəsmək lazımdır və təxirə salmaq olmaz”.
Ərəfə günü və bayramda edilənlər
Elvüsal Məmmədov Ərəfə gününün (bayramdan əvvəlki gün - red.) islamda mühüm və fəzilətli günlərdən olduğunu bildirib:
“Ərəfə günü oruc tutmaq lazımdır. Peyğəmbərimiz buyurur ki, həmin gün oruc tutan şəxsin keçmiş və gələcək 1 illik günahları bağışlanır. Bununla yanaşı, dualar, xüsusi zikrlər (Sübhənallah, Əlhəmdülillah, Əstəğfürullah, Allahu əkbər) edilməlidir, sədəqə verilə bilər. Bayram günü bayram namazını qılmaq, mümkünsə qurban kəsmək və paylamaq, xüsusi zikr etmək, bayram süfrəsi təşkil etmək lazımdır.
Ailə ilə birlikdə bayram namazını qılmağa hazırlaşmaq, uşaqlara hədiyyə almaq, doğmaları və qohumları təbrik etmək, onları ziyarət etmək olar. Elə etmək lazımdır ki, bayram havası hiss olunsun”.