BAKI, 27 may. TELEQRAF

Avropa cəmiyyətində İslama qarşı mənfi rəyin formalaşmasında xristian alimlərinin də böyük rolu var.

Teleqraf xəbər verir ki, bunu Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov "Avropada anti-müsəlman qanunvericiliyin institutlaşdırılması. Radikallaşma fonunda islamofob ritorika" mövzusunda keçirilən panel müzakirədə çıxışı zamanı deyib.

O, “Orta əsr Avropasında İslama qarşı mənfi imic və onun müasir islamofobiyaya təsiri” aldı məruzəsində qeyd edib ki, tarix boyu səlib yürüşləri Qərbdə islamofobiya meyllərini gücləndirib.

"İslama qarşı müxtəlif uydurmalar yazıb, yayıblar. Məhəmməd peyğəmbəri antixrist kimi qələmə veriblər. İslamı tədqiq edənlər Qərbi Avropada İslam dünyasında görkəmli alimlərin olduğunu bilirdilər, amma məqsədli şəkildə İslama qarşı mənfi fikrin formalaşmasında iştirak ediblər".

Qeyd edək ki, “İslamofobiya diqqət mərkəzində: Qərəzin ifşası, stiqmaların dağıdılması” mövzusunda beynəlxalq elmi konfrans Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Bakı Təşəbbüs Qrupunun birgə təşkilatçılığı ilə Beynəlxalq Mübarizə Gününün 3-cü ildönümünə həsr olunub. Üç gün davam edən konfrans bu gün başa çatacaq.