BAKI, 25 may. TELEQRAF
Azərbaycandan Həcc ziyarətinə gedəcək zəvvarların ilk qrupları Məkkə şəhərinə çatıblar.
Bunu Teleqraf -a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem rəhbəri Vüsal Cahangiri bildirib.
Onun sözlərinə görə, zəvvarlar oteldə xüsusi formada dini ilahilərlə qarşılanacaq.
"Otellərə yerləşdirildikdən təxmini 1 saat sonra xüsusi servis avtobusları vasitəsilə rəhbərlər onları Hərəmə - Kəbənin olduğu yerə aparacaqlar. Orada 5 vacib əməl - Ümreyi-Təməttö yerinə yetirəcəklər. Zəvvarlar sübh namazına qədər bu əməlləri yerinə yetirib ehramdan çıxmalıdırlar. Bu əməllərə Kəbə evi ətrafında 7 dəfə Təvaf etmək, yəni saat əqrəbinin əksi istiqamətində çevrə vurmaq, Kəbə evinin yanında İbrahim məqamında 2 rükət vacibi-təvaf namazı qılmaq, peyğəmbər əleyhissəlamın sünnətinə uyğun olaraq zəmzəm suyundan içmək, Səfa və Mərvə dağlarına doğru gedib 7 dəfə səy etmək, yəni təxmini 2 km yerimək, daha sonra isə saç və dırnaqdan bir qədər qısaldaraq təqsir edəcəklər. Beləliklə, onlar ehramdan çıxmış olurlar", - V. Cahangiri bildirib.
Qeyd edək ki, 4 qrupdan ibarət zəvvar qrupları bu gün 10:50-də Heydər Əliyev Beynəlxalq Hava Limanından yola düşüblər. Onlar təyyarədən Ciddə şəhərinə eniblər.
***
Azərbaycandan Həcc ziyarətinə yola düşən ilk 180 zəvvar Ciddə şəhərinə çatıblar.
Bunu Teleqraf-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem rəhbəri Vüsal Cahangiri deyib.
Zəvvarlar Ciddə şəhərində qeydiyyat prosesindən sonra Cövhə adlanan yerə miqata ehram bağlamağa gedəcəklər.
***
10:50
Azərbaycandan Həcc ziyarətinə gedən ilk 180 zəvvar bu gün saat 10:50-də Heydər Əliyev Beynəlxalq Aeroportundan yola düşüb.
Teleqraf xəbər verir ki, bu il bir nəfər üçün ziyarət paketinin qiyməti 5 950 ABŞ dolları təşkil edir. Ziyarət vahid formada təşkil olunub və hava nəqliyyatı ilə həyata keçirilir.
Azərbaycandan zəvvar qrupları mayın 25-dən 31-dək hər gün Heydər Əliyev Beynəlxalq Aeroportundan yola düşəcəklər.
***
10:17
Azərbaycandan Həcc ziyarətinə gedəcək zəvvarların ilk qrupları bu gün saat 08:00-dan Heydər Əliyev Beynəlxalq Hava Limanında toplaşıblar.
Teleqraf xəbər verir ki, yola düşəcək ilk zəvvarlar dörd qrupa bölünüblər. Hər qrupda 45 zəvvar yer alır.
Onları aparan təyyarə saat 10:50-də havaya qalxacaq.

"95%-i ilk dəfə ziyarətə gedənlərdir"
Zəvvar təşkilatçılarından biri Hacı Niyaz Axundovun sözlərinə görə, bu il yola düşəcək 1250 zəvvarın 95%-i ilk dəfə ziyarətə gedənlərdir. O bildirib ki, ötən il də zəvvarların sayı eyni olub:
“Zəvvarlar əvvəlcə Ciddə şəhərində enəcəklər. Onlar Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi və səfirliyimiz tərəfindən qarşılanacaqlar. Daha sonra Cövhə məscidinə miqata (Red- Məkkəyə bütün istiqamətlərdən gedən yollarda “miqat” məscidləri var. Miqatda Həcc mərasiminin birinci əməli yerinə yetirilir – ehram bağlanır. Ehram üzərində tikiş olmayan iki parçadan ibarətdir. Onlardan biri ilə bədənin aşağı hissəsi, digəri ilə isə yuxarı hissəsi örtülür) gediləcək, axşam namazından sonra isə Məkkəyə yola çıxacağıq. Gecə saat 12 radələrində Məkkəyə daxil olacağıq. Orada 20 gün qalacaq və iyunun 15-də qayıdacağıq.
Bu, onun artıq 25-ci Həcc səfəridir.
Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarlara bələdçilik və ruhani xidmət göstərən Yusif Bağırov isə bu sahədə 2000-ci illərdən bəri təcrübəsi olduğunu bildirir.
O deyir ki, səfər zamanı ilk eniş etdikləri yer Ciddədir:
“Orada Cövhə məscidinə gedib ehram bağlayırıq. Daha sonra axşam Məkkəyə yollanırıq. Otelə yerləşdikdən sonra zəvvarlar Təvaf və digər Ümrə ziyarətlərini yerinə yetirirlər”.
Yusif Bağırov əlavə edir ki, Qafqaz Müsəlmanları İdarəsinin təşkil etdiyi Həcc ziyarəti hər il texniki və təşkilati baxımdan təkmilləşir: “10-15 il əvvəl narazılıqlar olurdu, indi isə belə hallar yoxdur. Əvvəllər uçuşlar AZAL-la deyil, digər ölkələrin hava yolları ilə həyata keçirilirdi, bu da gecikmələrə səbəb olurdu. İndi isə rahat və vaxtında olan təyyarələrdə zəvvarlara xidmət göstərilir”.

Zəvvarlardan 40 yaşlı Şəmkir sakini Elmar Rzayev isə bildirib ki, bu onun artıq 2-ci ziyarətidir:
“İlk gedişim 2017-ci ildə olub. O ziyarət mənəvi baxımdan çox təsirli idi. Hazırkı gedişimiz daha yüksək səviyyədə təşkil olunub. İlk dəfəki səfərimdə həyəcan çox idi, indi isə təcrübə sayəsində daha rahatam”.
Qeyd edək ki, bir nəfər üçün ziyarət paketinin qiyməti 5 950 ABŞ dolları təşkil edir. Zəvvarların səfəri vahid formada təşkil olunur və hava nəqliyyatı ilə həyata keçirilir.
Azərbaycandan zəvvar qrupları mayın 25-dən 31-dək hər gün Heydər Əliyev Beynəlxalq Aeroportundan yola düşəcəklər.
FOTO: Elnur Muxtar
.png)
.png)
.png)
.png)