BAKI, 20 may. TELEQRAF
Məlahət Zeynallı hazırda Türkiyədə olan həyat yoldaşı jurnalist Əvəz Zeynallının vəziyyəti ilə bağlı çağırış edib.
Teleqraf xəbər verir ki, bu barədə o, sosial media hesabında paylaşım edib.
"Əvəz bəyin analizlərini iki həftəyə yaxındır Ankarada xəstəxanaya təqdim etmişik, amma cavabı hələ də almamışıq. Gözləməyi məsləhət bilirlər, çünki həmin təhlillərin nəticələrinə uyğun müalicə vasitəsi seçəcəklər. Nəyi gözləyək, nə vaxtadək gözləyək, hələlik məlum deyil. Bir yandan da son günlər Əvəz bəyin səhhətinin ağırlaşması, buna müvafiq olaraq düzgün və mütəmadi müalicənin aparılmaması bizi çıxılmaz duruma salıb", - Məlahət Zeynallı bildirib.
Onun sözlərinə görə, Əvəz Zeynallı o qədər ağrıyır, canı o qədər sızıldayır ki, danışmağa belə gücü çatmır: "Bəzən bir cümləni bir neçə dəqiqəqəyə qurur. Bəzən Əvəz bəyin Ankaraya gedəcəyinə, müalicə almağa vaxtının belə çatacağına inanmıram. Hərdən adama elə gəlir ki, bu çıxılmaz yola qəsdən salınmışıq ki, yolu başa vura bilməyək. Vaxtımız yoxdur, saniyələri sayırıq. Bu, hər kəsə bəllidir. Öz imkanlarımızla bu günə qədər nələrisə etməyə çalışdıq. Görünür, bacarmadıq. Məcburuq ki, məsuliyyəti və maddi dəstəyi üzərinə götürəcək bir quruma müraciət edək".
Məlahət Zeynallı bildirib ki, həyat yoldaşı özü müstəqil qərar vermək iqtidarında deyil, fikirlərini belə tam ifadə edə bilmir: "Ona görə də dövlət tərəfindən rəsmi olaraq mənim himayəmə verilən Əvəz Zeynallının həyat yoldaşı olaraq bütün məsuliyyəti öz üzərimə götürüb, Azərbaycan xalqına və dövlətinə müraciət edirəm.
Əvəz Zeynallının müalicəsi, sağalıb, ayağa qalxması üçün lazım olan hər şeyi etmək gücü göydə Allah, yerdə yalnız dövlətdə və uca xalqımdadır. Ona görə də, dövlətimə və xalqıma müraciət edirəm: Əvəz Zeynallıya sahib çıxın!"