BAKI, 20 may. TELEQRAF

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) son dövrlərdə stomatoloji xidmətlərin təşkili və bu sahədə şəffaflığın artırılması məqsədilə müəyyən təhlil və qiymətləndirmə işləri aparıb.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, bu qiymətləndirmələr zamanı müxtəlif regionlarda fəaliyyət göstərən stomatoloqların xidmət həcmi və mövcud şərait araşdırılıb: “Ödənişlərin rəsmi nağdsız ödəniş sistemi (POS-terminal, bank köçürməsi və s.) üzərindən keçirilməməsi, yəni müəssisənin maliyyə uçotundan yayınması halları müşahidə edilib”.

Qurumdan vurğulanıb ki, stomatoloji xidmətlər icbari tibbi sığorta təminatına daxil olmayan və ödənişli əsaslarla göstərilən tibbi xidmətlərdir:

“Say etibarilə 149 sayda tibbi xidmət olub, tarifləri “Əhalinin sağlamlığının qorunması haqqında” qanunun 10-cu maddəsinin 3-cü hissəsinə və Azərbaycan Prezidentinin 1 may 2023-cü il tarixli 2130 nömrəli Fərmanı ilə təsdiq edilmiş TƏBİB-in Nizamnaməsinin 3.1.7-ci yarımbəndinə əsasən TƏBİB-in Müşahidə Şurasının “TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələri tərəfindən Xidmətlər Zərfinə daxil olmayan və ödənişli əsaslarla əhaliyə göstərilən tibbi xidmətlərin, habelə sığortaolunan hesab edilməyən şəxslərə ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin tariflərinə dəyişiklik edilməsi haqqında” 18 sentyabr 2023-cü il tarixli 20-Q/2023 nömrəli Qərarı ilə təsdiqlənib”.

TƏBİB-in məlumatına görə, hazırda aparılan təhlillərin məqsədi stomatoloji xidmətlərin daha keyfiyyətli təşkili, ədalətli resurs bölüşdürülməsi və tibbi infrastrukturun dayanıqlı maliyyələşdirilməsi yollarını araşdırmaqdır.

“Narahatlıqları anlayışla qarşılayırıq və bildirmək istəyirik ki, istənilən qərar hüquqi əsaslandırma və mərhələli tətbiq prinsipi ilə həyata keçiriləcək.

TƏBİB olaraq qarşılıqlı əməkdaşlıq və açıq dialoq prinsiplərinə əsaslanaraq həm stomatoloji xidmət göstərən həkimlərin, həm də pasiyentlərin maraqlarını qorumağa davam edəcəyik.

Bununla belə, konkret plan və ya öhdəliklərin rəsmi şəkildə tətbiq edilməsi barədə hər hansı qərar qəbul edilməyib. Hazırda məsələ yalnız müzakirə və təklif mərhələsindədir. TƏBİB rəhbərliyinin iştirakı ilə bu gün bir qrup həkim-stomatoloqla müzakirələr aparılıb”, - qurumdan bildirilib.

***

17:30

Azərbaycan stomatoloqları TƏBİB-i onlara yeni plan qoymaqda ittiham edir, qurum isə buna münasibət bildirməkdən yayınır.

Teleqraf xəbər verir ki, stomatoloqların məsələ ilə bağlı etiraz müraciətini həkim Tural Mirzəyev yayıb.

Müraciətdə qeyd olunub ki, həkimlər TƏBİB-in stomatoloji müəssisələrə tətbiq etdiyi yeni 1200 və 1800 manatlıq “plan” tələbindən narazıdırlar. Onlar aidiyyatı qurumların bu məsələyə münasibət bildirməsini istəyirlər.

T.Mirzəyev Teleqraf-a açıqlamasında bildirib ki, şikayət yayıldıqdan bəri heç bir qurumdan reaksiya olmayıb.

“TƏBİB tərəfindən stomatoloji müəssisələrə tətbiq edilən yeni 1200 və 1800 manatlıq “plan” tələbi, nə tibbi prinsiplərə, nə də real iqtisadi və sosial şəraitə uyğundur. Bu planlar əsassız və qeyri-etik tələblərlə həkimlərə qarşı maddi və psixoloji təzyiq vasitəsinə çevrilib. Bu sistem, yalnız vicdanla çalışan həkimlərin deyil, ümumilikdə stomatoloji xidmətlərin keyfiyyətinə də mənfi təsir göstərir.

Daha acınacaqlısı odur ki, bu qərarların fonunda heç bir tibbi və stomatoloji təhsili olmayan, qanunsuz şəkildə diş müalicəsi və protezləşmə ilə məşğul olan şəxslərə qarşı heç bir cəza tədbiri görülmür. Əksinə, təhsilli, lisenziyalı və peşəkar stomatoloqlara qarşı təzyiqlər artır, işdən çıxarılma təhlükəsi ilə qarşı-qarşıya qalırlar. Bu, sadəcə bir haqsızlıq deyil, eyni zamanda səhiyyənin gələcəyinə qarşı bir təhlükədir.

Biz, stomatoloqlar olaraq bu ədalətsizliklərə qarşı çıxır, aşağıdakı tələblərlə rəsmi qurumlara və cəmiyyətə müraciət edirik:

1. TƏBİB-in tətbiq etdiyi 1200 və 1800 manatlıq plan tələbləri dərhal ləğv olunsun;

2. Stomatoloji fəaliyyəti yalnız müvafiq diplom və icazəsi olan şəxslər tərəfindən həyata keçirilməli, digərlərinə qarşı hüquqi tədbirlər görülməlidir;

3. Təhsilli və peşəkar həkimlərin işdən uzaqlaşdırılması və ya təzyiqə məruz qalması dayandırılsın;

4. Həkimlərin əməyinə, peşəkarlığına və insan sağlamlığına verdiyi töhfəyə hörmətlə yanaşılsın”, - şikayət mətnində qeyd edilib.

Mövzu ilə bağlı TƏBİB-ə sorğu ünvanlasaq da, heç bir reaksiya olmadı. Sorğunu dəfələrlə təkrarladıq, amma TƏBİB susdu.

Səhiyyə Nazirliyindən isə sözügedən məsələdə TƏBİB-dən şikayət edildiyi üçün nazirlik olaraq bu mövzuya münasibət bildirməyəcəklərini dedilər.

Stomatoloq Tural Mirzəyev isə bildirib ki, stomatoloqlar mayın 22-də etiraz aksiyası üçün TƏBİB-ə gedəcəklər.