
BAKI, 20 may. TELEQRAF
Kəngərlidə 207 nəfərdən ibarət 50 ailəyə yeni tikilmiş fərdi yaşayış evlərinin açarları təqdim edilib.
Teleqraf xəbər verir ki, mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 minə yaxın insan yaşayır.
***
13:06
Növbəti köç karvanı Ağdam rayonunun Kəngərli kəndinə çatıb.
Teleqraf xəbər verir ki, bu mərhələdə Kəngərli kəndinə 50 ailə - 207 nəfər köçürülüb.
Qeyd edək ki, Ağdam rayonunun Kəngərli kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
***
06:30
BAKI, 20 may. TELEQRAF
Bu gün Bakıdan Ağdam rayonunun Kəngərli kəndinə növbəti köç yola salınıb.
Teleqraf xəbər verir ki, yolasalma mərasimi Lökbatanda məcburi köçkünlər üçün tikilmiş “Qobupark-3” yaşayış kompleksinin qarşısından başlayıb.
Qeyd edək ki, bu mərhələdə Kəngərli kəndinə ümumilikdə 50 ailə (207 nəfər): Bakı şəhərindən –15 ailə (65 nəfər); Ağdam rayonundan – 12 ailə (47 nəfər); Bərdə rayonundan – 12 ailə (45 nəfər); Yevlax şəhərindən – 8 ailə (35 nəfər); Göyçay rayonundan – 2 ailə (9 nəfər); Zərdab rayonundan – 1 ailə (6 nəfər) köçürülür.
Bakı şəhərindən köçürülən 15 ailə (65 nəfər) Qaradağ rayonu “Qobu Park-3” köçkün şəhərciyində məktəbin qarşısından səhər saat 7:00-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Ağdam RİH-nin nümayəndələri tərəfindən yola salınıb. Yevlax şəhərində, Ağdam, Bərdə, Göyçay, Zərdab və Ağcabədi rayonlarında məskunlaşmış ailələr məskunlaşdıqları ərazidən yola salınacaq və Ağdam rayonunun Təzəkənd kəndində yerləşən keçid postunda köç karvanına qoşularaq bir yerdə hərəkət edəcəklər.
Köçün nəqliyyat vasitələri karvanları Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları tərəfindən qarşılanacaq, onların yaşayış sahələrində yerləşdirilməsi ilə bağlı zəruri tədbirlər görüləcək.
Beləliklə, mayın 20-dəki köç də nəzərə alınmaqla, Ağdam rayonunun Kəngərli kəndinə cəmi 60 ailə (255 nəfər) köçürülüb.
Kəngərli kəndində ümumilikdə 2544 nəfərin yaşaması planlaşdırılıb. Layihələndirilən ərazi 177 hektardan çoxdur.
Birinci mərhələ üzrə Kəngərli kəndinə 1279 nəfərin köçürülməsi planlaşdırılır. Artıq 292 iki, üç, dörd və beşotaqlı fərdi ev inşa olunub. Məskunlaşdırılacaq əhalinin gələcək sayı nəzərə alınaraq, kəndin salınmasının birinci mərhələsi üçün 72,5 hektar torpaq sahəsi ayrılıb.
Kənddə əhalinin məşğulluğunun təmin edilməsi üçün hər cür şərait yaradılıb, iqtisadi, təhsil, sosial, mədəni və məişət təyinatlı müxtəlif obyektlər tikilib, daxili yollar, elektrik, rabitə, su və qaz xətləri çəkilib.
Xatırladaq ki, oktyabrın 4-də Ağdam rayonunun Kəngərli kəndinin təməli qoyulub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.