BAKI, 19 may. TELEQRAF

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatına əsasən, Braziliya Federativ Respublikasının Riu-Qrandi-du-Sul regionunda yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəlikdən qorunması üçün Riu-Qrandi-du-Sul regionunda zonalaşma prinsipi nəzərə alınmaqla, xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədə yerləşən müəssisələrdən diri quş və quşçuluq məhsullarının idxalına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq AQTA tərəfindən müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.