BAKI, 15 may. TELEQRAF

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Ailə dəyərlərimizə gənclərin baxışı” mövzusunda tədbir keçirilib.

Teleqraf xəbər verir ki, tədbir iştirakçıları öncə Aİİ nəzdində fəaliyyət göstərən “İslam incəsənəti” dərnəyi tərəfindən “Ailə dəyərləri İslam incəsənətinin gözü ilə” mövzusunda hazırlanmış sərgi ilə tanış olublar.

İnstitutun rektoru Aqil Şirinov sərgi barədə iştirakçılara məlumat verib: "Sərgidə Qurani- Kərimdən müxtəlif ayələr, hədislər, ailə dəyərləri əks olunmuş rəsm əsərləri nümayiş etdirilir. Sonra isə tələbələrimiz müxtəlif məruzələrlə çıxış edəcəklər. Bu məruzələr Azərbaycan ailəsi, ailədə mənəvi dəyərlər, müasir ailə modeli ilə ənənəvi ailələrin fərqlərinə aid olacaq", - o bildirib.

Açıq dərs formatında davam edən tədbirdə ali təhsil müəssisəsinin tələbələri “İslamda ailə dəyərləri”, “İslamda uşaq tərbiyəsi”, “Ailə institutunun ictimai əhəmiyyəti” və “Erkən nikahın qarşısının alınmasında təhsilin rolu” mövzularda çıxış ediblər.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa çıxışında qeyd edib ki, tələbələrin müstəqil şəkildə özünü ifadə etməsi üçün bu cür tədbirlərə çox ehtiyac var.

"Mövcud İslamı müasir dövrə, müasir dəyərlərə uyğunlaşdırmağa çalışmalıyıq".

Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov da çıxışında İslamda ailə dəyərləri, erkən nikahlar, təhsilin rolu haqqında danışıb, çıxış etmiş tələbələrə tövsiyələrini bildirib.

Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilik Şurasının sədri Aynur Sofiyeva da çıxışında tədbirin əhəmiyyətindən danışıb.

O qeyd edib ki, bu gün əsas məsələ dəyərləri düzgün bilib, düzgün mesajlar ötürəcək şəxslərə ehtiyac var və bu prosesdə təhsilin rolu əvəzsizdir.

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, müasir dövrdə ailə dəyərləri şəxsiyyətin formalaşması və cəmiyyətin inkişafında həlledici rola malikdir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov isə çıxışında qeyd edib ki, müxtəlif qurumların rəsmilərinin burada iştirakı mövzunun həssaslığından xəbər verir.

Gənclər və idman nazirinin müavini İndira Hacıyeva tədbirdə qaldırılan mövzunun təkcə Azərbaycan üçün yox, bütün bəşəriyyət üçün həssaslığına və əhəmiyyətinə diqqət çəkib.

"Bu gün bir çox sosial problemlərə cavab vermək üçün bəlkə də ailəyə - cəmiyyətin nüvəsinə baxmaq, cavabları orada axtarmaq lazımdır", - o bildirib.

Sonda “Ailə dəyərlərimizə gənclərin baxışı” mövzusunda keçirilən esse müsabiqəsində I, II, III yerləri tutan və müsabiqədə iştirak edən tələbələr, eyni zamanda, “Ailə dəyərləri İslam incəsənətinin gözü ilə” sərgisinin hazırlanmasında iştirak edən və “Ailə dəyərlərimizə gənclərin baxışı” mövzusunda keçirilən açıq dərsdə təqdimatla çıxış edən tələbələr təltif olunublar.

FOTO: Firudin Səlimov