BAKI, 12 may. TELEQRAF
Yay aylarında, bütün meyvə və tərəvəzlərin yetişdiyi bir dövrdə süni yolla vitamin qəbul edilməsi məqsədəuyğun deyil.
Teleqraf xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Sanator-Kurort Reabilitasiya Mərkəzinin pediatrı Aynur Adıgözəlova deyib.
O bildirib ki, meyvə və tərəvəzlərin düzgün istifadəsi bağırsaqların da funksiyasını təmin edəcək, lakin qida qəbulu zamanı onun necə, harada, hansı temperaturda, neçə müddət saxlanılmasının böyük əhəmiyyəti var.
Pediatrın sözlərinə görə, həmçinin, təzə sıxılmış şirələrin saxlanılması qaydasına önəm vermək çox vacibdir:
"Meyvə şirəsi çıxarıldıqdan dərhal sonra içilməlidir, çünki vitaminlər həssas kimyəvi birləşmələrdir və tez parçalanmaq xüsusiyyətinə malikdirlər. Meyvə və tərəvəzlər nə qədər çox qaynadılarsa, o qədər çox tərkibi məhv olar. Bununla belə, bir neçə tərəvəz var ki, az odda qısa müddət ərzində qaynadıqda qida maddələri ilə zənginləşir. Məsələn, yerkökü az odda qısa müddətə qaynadılırsa, tərkibində beta-karotin kimi mühüm mikroelementlər əmələ gəlir. Pomidor, çuğundur, kələm, brokkoli də bu qrupa aiddir. Kiçik işləmədən sonra onların tərkibi daha xeyirli olur.
Ümumiyyətlə, valideynlərə uşaqlarına hazırladığı bütün yeməkləri yavaş odda bişirmək tövsiyə olunur".
O, yerkökü, cəfəri, ispanaq, balqabaq, kələm, brokkoli və ərik kimi meyvə-tərəvəzlərin Beta-karotin ilə zəngin olduğunu deyib.
"Eyni zamanda, D vitamini ilə zəngindirlər süd, balıq yağı və qaraciyər, E vitamini ilə isə qarğıdalı, günəbaxan və çaytikanı yağları. Bundan əlavə, yaşıl yarpaqlı tərəvəzlər, ispanaq və kələm K vitamini, paxlalılar, göbələk, fındıq, yumurta, qaraciyər, balıq əti, balıq kürüsü B qrupuna aid olan vitaminlərlə zəngindirlər”, - deyə əlavə edib.
A. Adıgözəlova qeyd edib ki, yalnız D vitamini, əgər zəngin günəş enerjisi olarsa, dəridə sintez olunur:
“Müəyyən dərəcədə A və K vitaminləri orqanizm tərəfindən sintez oluna bilər. Bu səbəbdən də, uşaqların qidalanmasına diqqət yetirilməlidir ki, onlar gündəlik rasionunda lazım olan tələbatı ala bilsinlər. Xüsusilə suda həll olan vitaminlər tez bir zamanda tükənir. Buna görə də, onların daim qəbul olunması şərtdir. Yağda həll olan vitaminlərin qaraciyərdə depolanmaq xüsusiyyəti var.
Son olaraq onu qeyd edim ki, qışa yaydan zəmin yaratmağa başlayın. Səhər saatlarında günəş vannası və bol-bol meyvə-tərəvəz qəbul etməklə, uşaq orqanizmini qüvvətləndirmək olar”.