BAKI, 22 may. TELEQRAF
Bu il Həcc ziyarətinə getmək istəyən azərbaycanlı zəvvarlar üçün ayrılan 1250 kvota tam dolub.
Bunu Teleqraf-ın sorğusuna cavab olaraq Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc Elektron Sistem rəhbəri Vüsal Cahangiri deyib.
O bildirib ki, kvota artıq dolub və sənəd qəbulu yekunlaşıb.
"Bundan əlavə 30 nəfərdən çox müraciət edənlər var. Amma kvota tamamlandığı üçün daha qəbul edə bilmirik. Bu il Həccə gedəcək şəxslərin çoxu yenidir. Əksəriyyəti də gənclərdir. Təkrar gedənlər isə azlıq təşkil edir".
V.Cahangiri bildirib ki, Həccə 12 nəfər inzibati heyət və həkim briqadası da yola düşəcək.
Azərbaycandan ilk zəvvar qrupu mayın 25-i Həcc ziyarətinə yola düşəcək:
"Mayın 25-də 4 zəvvar qrupu yola düşəcək. Hər zəvvar qrupunda 45 nəfər olmaqla cəmi 180 nəfər təşkil edir. Digər zəvvar qrupları mərhələli şəkildə hər gün olmaqla mayın 31-ə kimi Həcc ziyarətinə yola düşəcəklər".
Qeyd edək ki, QMİ-nin məlumatına görə, bir nəfər üçün ziyarət paketinin qiyməti 5 950 ABŞ dolları təşkil edir. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə həyata keçiriləcək. Hər gün 1 təyyarə, yalnız ayın 29-da 2 təyyarə - səhər saat 11:00-da və axşam saat 17:55-də yola düşəcək.