BAKI, 30 aprel. TELEQRAF

Bu gün Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) törədilən qətliamdan 16 il ötür.

Teleqraf xəbər verir ki, bu məqsədlə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) terror baş verən binasında anım tədbiri keçirilib.

Tədbirdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizov, şəhid olan tələbələrin ailə üzvləri, yaxınları, universitetin terrorda yaralanmış işçiləri və digər şəxslər iştirak ediblər.

R. Əzizov bildirib ki, Azərbaycan terrordan ən çox zərərçəkmiş ölkələrdən biridir.

"Ölkəmiz terrora 0 tolerantlıq göstərən təşkilatlara qoşulub".

Rektor çıxışının sonunda terror qurbanlarına Allahdan rəhmət və onların yaxınlarına səbir diləyib.

ADNSU-nun dekanı, hadisə şahidi Fərid Ağayev qeyd edib ki, terroru törədən şəxsi görən ilk insanlardan biriymiş.

"Mən və bir neçə şəxs ona yaxınlaşdıqda əlindəki silahı təpiklə vurub atdıq. Həmin silahda 2 daraq var idi və hər daraqda 48 güllə. Məlum oldu ki, o heç güllənin yarısını belə istifadə etməyib. Bu da onun məqsədinin maksimum insan öldürə bilməsi deməkdir.

Hadisə baş verən anda mən mühazirədə idim və tez-tez saata baxırdım. Dəqiq deyə bilərəm ki, 09:30-da dəhşətli səs-küy gəldi. Tələbələrdən birini göndərdim ki, bax gör nə səsdi. O da bayıra çıxıb tez qayıtdı ki: “Müəllim, kimsə tələbələri qırır deyirlər”. Onda uşaqlar hamısı bayıra çıxıb baxmaq istəyəndə mən onlara dedim ki, heç kim bayıra çıxmayacaq. Onları auditoriyadan çıxmağa qoymadım və özüm çıxıb bayıra baxdım. Onda digər auditoriyalarda da dedim ki, hamı içəri girib qapını bağlasın.

Bir müəllim üçün öz yetirmələrinin ölümü çox ağır hissdir. Biz öz yetirmələrimizi itirdik”.

Qurbanların əziz xatirəsinə ehsan verilib. Sonda isə hadisəyə həsr olunmuş "Bir sal yadına" adlı film nümayiş olunub.

Qeyd edək ki, dəhşətli hadisə 2009-cu il aprel ayının 30-u səhər saat 09:30-da baş verib.

ADNA-nın Bakı şəhəri Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanda yerləşən ikinci korpusuna daxil olan silahlı şəxs inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan hər kəsə "Makarov" tipli tapançadan atılan atəşlə xəsarət yetirib.

Nəticədə 12 nəfər dünyasını dəyişib, 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisə qurbanları arasında tələbələr, müəlllimlər, həmçinin təsadüf nəticəsində üniversitetdə olan şəxslər olub.

Hadisəni törədən Fərda Qədirov sonradan özünə atəş açaraq intihar edib. Hadisədə təqsirli bilinən 4 nəfər- Nadir Əliyev, Ariz Qabulov, Cavidan Əmirov və Nəcəf Süleymanov məhkəmə qarşısına çıxarılıb. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Gürcüstan vətəndaşları - Nadir Əliyev, Cavidan Amirov və Nəcəf Süleymanov ömürlük, Ariz Qabulov isə 11 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin 3 sentyabr 2015-ci il tarixli Sərəncamına əsasən, Azərbaycan Dövlət Neft Akademiyası Azərbaycan Dövlət Neft və Sənaye Universiteti adlandırılıb.