BAKI, 25 aprel. TELEQRAF
“İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə dəyişiklik edilib.
Teleqraf xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qeyd edək ki, dəyişikliyə əsasən sığortaolunan ailə həkiminin (sahə pediatrı, sahə terapevti) göndərişi olmadan yaşayış və ya olduğu yer üzrə qeydiyyatda olduğu inzibati ərazidə ambulator şəraitdə ixtisaslı həkimə müraciət etdiyi təqdirdə, hər bir sığorta hadisəsinə görə - 5 (beş) manat, tibbi ərazi bölməsi daxilində digər inzibati ərazidə yerləşən tibb müəssisəsinə müraciət etdiyi təqdirdə, hər bir sığorta hadisəsinə görə - 5 (beş) manat və tibbi ərazi bölməsindən kənar yerləşən tibb müəssisəsinə müraciət etdiyi təqdirdə, hər bir sığorta hadisəsinə görə - 15 (on beş) manat müəyyən edilib.
Bundan sonra sığortaolunan yaşayış və ya olduğu yer üzrə qeydiyyatda olduğu inzibati ərazidə yerləşən tibb müəssisəsi tərəfindən göndəriş vərəqəsi olmadan stasionar şəraitdə xidmətin göstərilməsi üçün tibbi ərazi bölməsi daxilində digər inzibati ərazidə yerləşən tibb müəssisəsinə müraciət etdiyi təqdirdə, ixtisaslı həkimin müayinəsi üçün - 5 (beş) manat, müayinənin nəticəsi olaraq ixtisaslı həkimin stasionar tibbi xidmətə göndərişi əsasında 100 (yüz) manatdan artıq hər bir sığorta hadisəsinə görə - 30 (otuz) manat ödəməyəcək.
Eləcə də sığortaolunan qeydiyyatda olduğu inzibati ərazi üzrə tibb müəssisəsi tərəfindən göndəriş vərəqəsi olmadan stasionar şəraitdə xidmətin göstərilməsi üçün tibbi ərazi bölməsindən kənar yerləşən tibb müəssisəsinə müraciət etdiyi təqdirdə, ixtisaslı həkimin müayinəsi üçün - 15 (on beş) manat, müayinənin nəticəsi olaraq ixtisaslı həkimin stasionar tibbi xidmətə göndərişi əsasında 100 (yüz) manatdan artıq hər bir sığorta hadisəsinə görə - 90 (doxsan) manat ödəməsi də qüvvədə deyil.
Dəyişikliyə əsasən, sığortaolunan ixtisaslı həkimin göndərişi əsasında tibbi göstərişi olan, ambulator şəraitdə göstərilən MRT (maqnit-rezonans tomoqrafiyası) və KT (kompüter tomoqrafiyası) xidmətinə görə hər müraciət üçün artıq 20 manat deyil, 20 faiz müştərək maliyyələşmə məbləği ödəyəcək.