BAKI, 24 aprel. TELEQRAF

Aprelin 24-də Nizami Rayon Məhkəməsində “Xural” internet televiziyasının həbsdə olan rəhbəri Əvəz Zeynallının xəstəlik səbəbindən cəzasının qalan hissəsindən azad olunması ilə bağlı məhkəmə keçirilib.

Teleqraf xəbər verir ki, prosesə hakim Nigar Qədirli sədrlik edib.

Ə.Zeynallı iclas zalına gətirilməyib. O, prosesə onlayn formada qoşulub.

Məhkəmə iclasında Ə.Zeynallının xəstəlik səbəbindən cəzasının qalan hissəsindən azad olunması ilə bağlı ərizəsinə baxılıb.

Onun vəkili Rəşad Əliyev bildirib ki, məhkumun cəza çəkməsinə mane olan xəstəliklər Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş “Məhkumların cəza çəkməsinə mane olan ağır xəstəliklərin Siyahısı” ilə müəyyən olunur:

“Həmin siyahının 2.1-ci bəndinə əsasən “Beynəlxalq TNM klassifikasiyasına görə bütün bədxassəli şişlər”də məhkumun cəza çəkməsinə mane olan xəstəliklər siyahısına aiddir və qeyd edilir ki, klinik diaqnoz hökmən histoloji müayinə ilə təsdiq olunmalıdır. Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsinə verdiyim vəkil sorğusuna əsasən, Əvəz Zeynallının müvafiq histoloji müayinələrdən keçdiyi və “S-vari bağırsağın adenokorsinoması, qaraciyərə metastaz” diaqnozu təsdiq edilib. Bu diaqnoz qoyulmuş şəxsin həyati təhlükədə olması mübahisəsiz haldır və cəza çəkməkdən azad edilməsi üçün əsasdır. Məcəllənin 78.2-ci maddəsi xəstəliyə görə cəzanı çəkməkdən azad etmənin əsaslarını müəyyən edir. 78.2-ci maddəyə əsasən, cəzanın çəkilməsinə mane olan sair ağır xəstəliyə düçar olmuş şəxs məhkəmənin qərarı ilə cəza çəkməkdən azad edilə bilər”.

Vəkil qeyd edib ki, xəstəliyə görə cəzanı çəkməkdən azad etmənin prosessual əsasları Cinayət Prosessual Məcəlləsinin 511-ci maddəsində təsbit edilib: “Həmin normaya əsasən, məhkumun cəzanın çəkilməsinə mane olan ağır xəstəliyə tutulduğu halda, cəzaçəkmə yeri üzrə birinci instansiya məhkəməsi cinayət qanununun müddəalarına müvafiq olaraq həkim komissiyasının rəyi əsasında həmin şəxsi cəza çəkməkdən azad edə bilər. Məhkumun cəza çəkməkdən azad edilməsi haqqında məsələyə məhkumun, onun müdafiəçisinin və ya qanuni nümayəndəsinin ərizəsi, yaxud cəzaçəkmə müəssisəsi müdriyyətinin təqdimatı əsasında baxılır. Məhkəmə məhkumu xəstəliyinə görə cəzanı çəkməkdən azad edərkən, onu həm əsas, həm də əlavə cəzadan azad etmək hüququna malikdir”.

Vəkil məhkəmədən Ə.Zeynallının xəstəliyə görə cəzasının qalan hissəsindən azad olunmasını xahiş edib.

Hakim Ə.Zeynallının xəstəliyinin yoxlanılması məqsədilə tibbi şahadətləndirilmənin məhkəməyə təqdim olunması barədə qərar çıxarıb.

Tibbi şahadətləndirilmə Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinə tapşırılıb. Həmin rəylər ixtisaslaşdırılmış ekspertlər tərəfindən həyata keçirilməsi, şahadətləndirilmə 1 ay ərzində həyata keçirilməsi qərara alınıb.

Bu səbəbdən proses qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Qeyd edək ki, Əvəz Zeynallı Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma), 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma), 32.4, 312.2-ci (Rüşvət vermə, yəni xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsində iştirakçılıq) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri) maddələri ilə ittiham verilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əvəz Zeynallı Cinayət Məcəlləsinin 311.3.2, 311.3.3, 311.3.4 və 312-1.1-ci maddələri ilə təqsirli biliib və 9 il müddətinə azadlıqdan məhrum edilib.

Bakı Apellyasiya Məhkəməsi hökmdən verilmiş şikayəti təmin etməyib.

Kassasiya şikayətinə əsasən isə Ali Məhkəmə ona qarşı irəli sürülmüş ittihamdan Qasımov Şahbaz Əli oğlundan 8.000 manat məbləğində rüşvət almasına dair epizodun və Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsinin xaric edilməsi, həmçinin cəzasının 2 ay azaldılması barədə qərar verib.

İttihama görə, Əvəz Zeynallı 2022-ci il sentyabrın 9-da həbs olunub. Ona qarşı ilk ittiham “Baku Steel Company” MMC – poladəritmə zavodunun keçmiş rəhbəri, hazırda həbsdə olan Rasim Məmmədovun həyat yoldaşından 20 min manat alınmasıyla bağlı olsa da, sonradan yeni ittihamlar da irəli sürülüb.

Digər təqsirləndirilən Elnur Şükürova isə Cinayət Məcəllənin 178.2.1, 32.4, 312.2 və 312-1.1-ci maddələri ilə ittiham elan edilib. Elnur Şükürov 4 il azadlıqdan məhrum olunub.

İş üzrə zərərçəkmiş qismində Vəliyev Ruslan Telman oğlu tanınıb.