BAKI, 23 aprel. TELEQRAF

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bərdədə Ü.Hacıbəyov küçəsində fəaliyyət göstərən “Bərdə Ticarət” ASC-yə məxsus bazarda yoxlama keçirib.

Bu barədə Teleqraf-a AQTA-dan məlumat verilib.

Baxış zamanı bazarda mənşəyi məlum olmayan süd məhsullarının satışa çıxarıldığı məlum olub. Eyni zamanda pendir və nehrə yağı məhsullarından nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Sınaq nəticəsində hər iki məhsulda uyğunsuzluq - Stafilokok bakteriyası müəyyən edilib. Bazarda həmçinin əl yuma çanaqlarının, havalandırma sisteminin quraşdırılmadığı, qida məhsullarının yuyulması üçün ayrıca sahələrin təşkil edilmədiyi, tullantıların ağzı kip bağlanan qablarda toplanmadığı və digər nöqsanlar aşkarlanıb.

Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, uyğunsuzluq aşkarlanan məhsulların satışının qarşısı alınıb və icrası məcburi göstərişlər verilib.