BAKI, 21 aprel. TELEQRAF

Sumqayıt şəhəri, Sumqayıt-Novxanı yolunda fəaliyyət göstərən, fiziki şəxs Hacıyev Ceyhun Telman oğluna məxsus “Diana” ailəvi istirahət mərkəzində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı normativ tələblərin pozulduğu aşkarlanıb.

Teleqraf xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, müəssisədə etiket məlumatları olmayan məhsullardan istifadə edildiyi məlum olub. Həmçinin məhsulların saxlanması zamanı temperatur rejiminə əməl olunmadığı, texnoloji prosesin ardıcıllığına riayət edilmədiyi, mətbəx sahəsinin tələblərə cavab vermədiyi, bəzi işçi masaların və stellajların asan təmizlənəbilən, dezinfeksiyaedici məhlulların təsirinə davamlı materialla üzlənmədiyi, havalandırma sisteminin quraşdırılmadığı, suyun filtrasiyadan keçirilmədiyi və digər nöqsanlar müəyyən edilib.

Qeyd edilib ki, faktla bağlı nöqsanlar aradan qaldırılanadək müəssisənin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində cərimə tətbiq olunub.