BAKI, 19 aprel. TELEQRAF

Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq AQTA-nın şöbə müdiri Mansur Piriyev məlumat verib.

O bildirib ki, hadisənin baş verdiyi şadlıq evində istehlaka təqdim edilmiş və baxış zamanı mövcud olan bütün qida məhsullarından nümunələr götürülmüşdür. Bununla yanaşı, işçi masalardan və qida ilə təmasda olan səthlərdən yaxmalar götürülərək laborator müayinələrə təqdim olunub. Hazırda araşdırma davam etdirilir. Araşdırmaların nəticələri ilə bağlı əlavə məlumat veriləcək.

Mansur Piriyev ki, bu cür kütləvi qidalanma məkanlarında baş vermiş hər hansı bir nöqsanla bağlı həmin sahibkarın subyektlərinin birmənalı şəkildə məsuliyyət daşıdığını vurğulayıb: "Agentlik tərəfindən bir çox hallarda aşkarlanan, eyni zamanda media vasitəsilə ictimaiyyətə təqdim olunan nöqsanlara, həmçinin aşkarlanmış uyğunsuzluqlarla bağlı xəbərdarlıqlara baxmayaraq, hələ də bu kimi hallara rast gəlinməkdədir. Agentlik tərəfindən təkcə son günlərdə onlarla ictimai iaşə məkanlarında, şadlıq evlərində aparılan yoxlama və nəzarət tədbirləri zamanı bir çox hallarda həmin obyektlərin mətbəxlərində, emal sahələrində sanitar-gigiyenik qaydaların pozulduğu, həmçinin müəssisəyə daxil olan əksər məhsulların sənədlərinin olmadığı, baytarlıq arayışlarının daxil olmadığı aşkarlanmaqdadır. Bununla bağlı qanunvericiliyə uyğun şəkildə həmin sahibkarın subyektləri barədə inzibati cəzalar tətbiq olunur. Agentlik bu sahədə fəaliyyət göstərən sahibkarların subyektlərinə xəbərdarlıq edərək daha diqqətli olmalarını və qanunvericiliyə uyğun şəkildə fəaliyyət göstərmələrini bildirir".