
BAKI, 19 aprel. TELEQRAF
Xətai rayonunda yerləşən iaşə obyektində zəhərlənənlərin sayı artıb.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, əlavə olaraq, 7 nəfər Kliniki Tibbi Mərkəzə, 8 nəfər isə Sabunçu Tibb Mərkəzinə birbaşa özü müraciət edib.
Dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu ilə onların hər birinə zəruri tibbi yardımlar göstərilib. Vəziyyətləri qənaətbəxş olan şəxslərin hamısı ambulator müalicə üçün artıq evə buraxılıb.
***
11:26
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə dünən saat 22:30 radələrində Xətai rayonunda yerləşən iaşə obyektindən çağırış daxil olub.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, çağırış yerinə təcili tibbi yardım briqadaları cəlb olunub:
"Müxtəlif saatlarda zəhərlənmə şübhəsi ilə ümumilikdə 36 nəfər olmaqla, 25 nəfər Kliniki Tibbi Mərkəzə, 10 nəfər Sabunçu Tibb Mərkəzinə, 1 nəfər isə Respublika Pediatriya Mərkəzinin nəzdində olan Sabunçu Uşaq Yoluxucu Xəstəxanasına hospitalizasiya olunub.
Dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu ilə onların hər birinə zəruri tibbi yardımlar göstərilib. Vəziyyətləri qənaətbəxş olan şəxslərin hamısı ambulator müalicə üçün artıq evə buraxılıb".
***
09:42
Bu gün 32 nəfər (23 qadın cinsli, 9 kişi cinsli) dəqiqləşdirilməmiş bakteriyal qida zəhərlənməsi diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə yerləşdirilib.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzdən məlumat verilib.
Bildirilib ki, dərhal xəstələrə tibbi xidmətlər göstərilib, mədələri yuyulub, infeksionist baxışı olub.
Zəruri tibbi xidmətlərdən sonra onların hamısı evə buraxılıb.
Qeyd edək ki, hadisə dünən axşam saatlarında paytaxtın Xətai rayonu, genaral Mehmandarov küçəsində yerləşən "Venesiya" şadlıq sarayında qeydə alınıb.