BAKI, 18 aprel. TELEQRAF

Beşinci “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsi başa çatıb.

Teleqraf xəbər verir ki, bunu Gənclər və idman nazirinin müavini, Yüksəliş müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev bu gün keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, 28 fevral 2025-ci il tarixində başlayan qeydiyyat mərhələsi 10 aprel 2025-ci ildə uğurla başa çatıb.

Onun sözlərinə görə, bu müddət ərzində ümumilikdə 16 553 nəfər müsabiqəyə qatılmaq üçün müraciət edib. Bu göstərici ilə builki qeydiyyat əvvəlki illərlə müqayisədə rekord səviyyəyə çatıb:

"Qeydiyyatdan keçən iştirakçıların 11923-ü kişi, 4630-u isə qadındır. Maraqla qarşılanan müsabiqəyə bu il 9976 nəfər ötən illərdə keçirilən müsabiqədə də iştirak etmiş namizədlər arasından təkrar müraciət edib. Müsabiqəyə ilk dəfə müraciət edən namizədlərin sayı isə 6577 nəfərdir".

F.Hacıyev vurğulayıb ki, bu ilki müsabiqəyə müraciət edənlərin əksəriyyəti Bakı, Abşeron-Xızı və Qarabağ iqtisadi rayonlarının təmsilçiləridir.

"Müsabiqədə iştirak üçün yaş məhdudiyyəti 21-51 yaş arası müəyyən edilib. Qeydiyyatdan keçənlər arasında 21 yaşını tamamlamış 106 nəfər, 51 yaşını tamamlamış 33 nəfər namizəd yer alır.

Müsabiqəyə müraciət edən namizədlərin 56.48 %-i dövlət sektorunda, 41.05 %-i özəl sektorda, 1.49 %-i qeyri-hökumət təşkilatlarında (QHT), 0.98 %-i isə beynəlxalq qurumlarda çalışır".

Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.

Sayca beşinci “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı İlham Əliyev tərəfindən 18 dekabr 2024-cü il tarixində müvafiq Sərəncam imzalanıb.