
BAKI, 17 aprel. TELEQRAF
Hazırda Azərbaycanda 1759 nəfər hemofiliyalı və digər koaqulopatiyalı xəstə var.
Bunu Teleqraf-a açıqlamasında Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Hematologiya kafedrasının asistenti Günel Əlizadə deyib.
O bildirib ki, onlardan 1183 nəfərində hemofiliya A, 169 nəfərində isə hemofiliya B növü aşkar edilib.
"Hemofiliya X xromosomu ilə nəsildən nəsilə ötürüldüyü üçün ən çox oğlan uşaqlarında (kişilərdə) rast gəlinir. Qadınlar arasında hemofiliya A və B nadir görülür, daha çox Von-Villebrand xəstəliyi qeydə alınır. Qeydiyyatda olan xəstələrin 400-ə yaxını 0-14 yaş qruplu uşaqlardır. Əksəriyyət orta və böyük yaşlı xəstələr təşkil edir", - deyə əlavə edib.
Onun sözlərinə görə, hemofiliyanın müalicəsi əvəzedici prinsipə əsaslanaraq çatışmayan laxtalanma faktorunun venadaxili yeridilməsindən ibarətdir:
"Bu həm aşkar qanaxmalar zamanı, həm də qanaxma və qansızmalar olmadan profilaktik müalicə ilə həyata keçirilir. Ən son innovativ qeyri-faktor preparatlarla (dərialti inyeksiyalar) müalicə də artıq ölkəmizdə əlçatandır. Bu da xəstələrin həyat keyfiyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına səbəb olur".
Qeyd edək ki, bu gün Ümumdünya Hemofiliya Günüdür. Hər il aprelin 17-si Ümumdünya Səhiyyə Təşkilatının və Dünya Hemofiliya Federasiyasının təşəbbüsü ilə Ümumdünya Hemofiliya Günü kimi qeyd edilir.
Hemofiliya – qanın laxtalanma xüsusiyyətinin pozulması ilə xarakterizə olunan irsi xəstəlik. Xəstəlik zamanı oynaqlara, əzələlərə və daxili orqanlarda öz-özünə zədə və ya cərrahi müdaxilə nəticəsində qanaxma baş verir. Hətta xırda zədələr nəticəsində hemofiliyalı xəstələrin beyninə və ya digər həyati əhəmiyyətli orqanlarına qan axmasının ölümlə nəticələnməsi ehtimalı yüksəkdir.