BAKI, 11 aprel. TELEQRAF

Aprelin 12-13-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bu barədə Teleqraf-a Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.

O bildirib ki, sabah səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 6-8°, gündüz 12-16° isti olacaq.

Bölgələrin bəzi yerlərində arabir yağıntılı hava şəraiti davam edəcək. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə isə qar yağacağı ehtimal olunur.

Gündüz saatlarında yağıntıda fasilə olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-9°, gündüz 15-19° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 5-10° isti olacaq.