
BAKI, 24 mart. TELEQRAF
Qazax rayonunun Bağanıs Ayrım kəndi 1990-cı il martın 23-dən 24-nə keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Hücum zamanı kənddə bütün evlər qarət olunub, daha sonra kəndə od vurulub. Köməksiz vəziyyətə qalan dinc kənd sakinləri qətlə yetirilib. Ermənilər dinc sakinlərə amansızca divan tutub, onları diri-diri tonqalda yandırıblar. Məhz erməni vəhşiliyinin nəticəsində 5 nəfərdən ibarət bir ailə - Əsliyev Dadaş, həyat yoldaşı Pakizə, qızları Havaxanım, Aliyə, nəvəsi Hafiz və daha bir nəfər kənd sakini Alməmməd Məhərrəmov, ümumilikdə 6 nəfər kənd sakini diri-diri yandırılıb. Eyni zamanda kəndi qoruyan milis işçisi Məcid Əhmədov qətlə yetirilib, daha bir milis işçisi və 1 nəfər kənd sakini isə yaralanıb.
Erməni silahlı qüvvələri tərəfindən xüsusi amansızlıqla yandırılan kənd sakinlərindən böyüyü 75 yaşlı qoca kişi, kiçiyi isə 39 günlük körpə uşaq olub. Bu faciə zamanı 17 ev yandırılıb, 11 ev qarət edilib, əhali öz doğma yurd-yuvalarından didərgin düşərək rayonun müxtəlif yerlərində yaşamağa məcbur olub.
Bununla da Bağanıs Ayrım kəndi Ermənistan tərəfindən işğal olunmuş və yandırılmış ilk kənd kimi Azərbaycan tarixinə düşüb.
İşğal olunana qədər kənddə 101 ev, 113 təsərrüfat olmaqla 450 nəfər yaşayırdı. Əhali əsasən, maldarlıq və arıçılıqla məşğul idi. Bağanıs Ayrımı kəndi işğalda qədər Aşağı Əskipara və Yuxarı Əskipara kəndləri ilə birlikdə keçmiş Sabir adına üzümçülük sovxozuna tabe olub.
Bağanıs Ayrım kəndinin 2 km-lik hissəsindən Ermənistan Gürcüstanla birləşdirən magistral yol keçir.
Qazax rayonunun Bağanıs Ayrımı kəndində həyata keçirilmiş soyqırımı törətmiş 18 nəfər erməni İnterpolun axtarışındadır.
90-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində Qazax rayonunun Bağanıs Ayrım, Yuxarı Əskipara, Aşağı Əskipara, Xeyrımlı, Qızıl Hacılı, Sofulu, Barxudarlı kəndləri yandırılıb, talan edilib və dağıdılıb. İşğal olunmuş ərazilərdən 6.500 nəfər məcburi köçkünə çevrilib.
Bağanıs Ayrım kəndi Qazax rayonunun Əskipara inzibati ərazi vahidində yerləşir. XVIII əsrin əvvəllərində yaranmış, keçmiş adı Seyid Ayrım olmuş bu kənd zaman-zaman ermənilərin hücumlarına məruz qalıb, nəticədə öz ilkin yerini dəyişməli olub. Bu dəyişmələr zamanı erməni riyakarlığı və rusların onlara dəstək olması da az rol oynamayıb. Ermənilərin məkrli niyyətləri sovet dövründə də davam eeib. 1984-1985-ci illərdə Qazax rayonundan 2105 hektar torpaq sahəsi Ermənistana verilib nəticədə Bağanıs Ayrım kəndinin 42 hektar torpaq sahəsi ermənilərin nəzarətinə keçib. Bununla da Bağanıs Ayrım ermənilər yaşayan kəndlərlə əhatə olunub, eksklava çevrilib.
Qeyd edək ki, 2024-cü il aprelin 19-da Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Komissiyanın səkkizinci görüşündə Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərinin Azərbaycana geri qaytarılması barədə razılıq əldə edilib. 2024-cü il mayın 24-də həmin kəndlər Azərbaycan Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb.