
BAKI, 19 mart. TELEQRAF
Martın 19-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin xüsusi iclası keçirilib.
AMEA-dan Teleqraf-a bildirilib ki, iclas Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında” 2025-ci il 18 mart tarixli Sərəncamının icrası ilə bağlı qarşıda duran vəzifələrə həsr olunub.
İclasda çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli vurğulayıb ki, bu Sərəncam alimlərimiz tərəfindən böyük sevinc hissi və minnətdarlıq duyğusu ilə qarşılanıb. Akademik İsa Həbibbəyli bu mühüm dövlət sənədinin Azərbaycan elminə, Akademiyaya, aliminə verilən ən yüksək qiymətin ifadəsi olduğunu bildirib. Qeyd edib ki, dövlətimizin başçısının Sərəncamı həm 80 ildə şərəfli tarixi yol keçmiş, Azərbaycan dövlətinin inkişafına, azərbaycançılıq ideologiyasına, milli kadr hazırlığına öz töhfəsini vermiş, elmi məktəblər yaratmış görkəmli alimlərimizin xidmətlərinə göstərilən yüksək qiymət, həm də Akademiyanın bu gününə və gələcək inkişafına olan ali dəyərin, ehtiramın ifadəsidir.
Akademik İsa Həbibbəyli 80 illik tarixi ərzində bu günə qədər Elmlər Akademiyasının yubileylərinin yalnız 3 dəfə qeyd edildiyini söyləyib. Bildirib ki, ilk dəfə 1975-ci il ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və qayğısı sayəsində Akademiyanın 30 illik yubileyi qeyd olunub. Sonrakı mərhələdə isə Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə 2005 və 2015-ci illərdə AMEA-nın 60 və 70 illik yubileyləri dövlət səviyyəsində keçirilib. Prezident İlham Əliyevin 2025-ci il 18 mart tarixli Sərəncamı ilə Akademiyanın 4-cü dəfə yubiley mərasiminin keçiriləcəyini söyləyən AMEA rəhbəri 80 illik bu şərəfli yolun qeyd edilməsinin Azərbaycanın ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa etdiyi bir dövrə təsadüf etməsi ilə daha əlamətdar olduğunu vurğulayıb. Qeyd edib ki, Sərəncamda Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin Elm və Təhsil Nazirliyi ilə birgə keçirilməsinin müəyyən edilməsi elm və təhsilin inteqrasiyasının daha da genişlənməsinə öz töhfəsini verəcək.
AMEA prezidenti bildirib ki, Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyi çərçivəsində Bakıda və AMEA-nın elmi bölmələri və mərkəzlərinin fəaliyyət göstərdiyi regionlarda, eləcə də qardaş Türkiyədə və Mərkəzi Asiya türk dövlətlərinin Elmlər akademiyalarında tədbirlər keçiriləcək, Azərbaycan elminin keçdiyi şərəfli tarixi yol yeni nəslə və dünyaya tanıtdırılacaq. Həmçinin yubiley çərçivəsində 20-dən çox fundamental, monoqrafik əsərlər, biblioqrafik kitablar çap ediləcək, bunların arasında Akademiyanı xarici ölkələrdə tanıtdıra biləcək kitab, AMEA-nın keçdiyi inkişaf yolunu əks etdirəcək nəşr də yer alacaq.
Akademik İsa Həbibbəyli çıxışının sonunda akademiyanın çoxminlik kollektivi, AMEA-nın Rəyasət Heyəti və öz adından “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında” Sərəncam münasibətilə dövlətimizin başçısına dərin minnətdarlığını bildirib, Azərbaycan alimlərinin bundan sonra da dövlətimizin inkişafı və milli maraqlarının qorunması yolunda elmi fəaliyyətlərini inamla davam etdirəcəklərini söyləyib.
Daha sonra AMEA-nın vitse-prezidentləri akademik Rasim Əliquliyev, akademik İradə Hüseynova, akademik Gövhər Baxşəliyeva, həmçinin akademik-katib akademik Arif Həşimov, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli, professor Kərim Şükürov, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev və filologiya üzrə fəlsəfə doktoru Hikmət Quliyevin çıxışları dinlənilib. Çıxışlarda bu Sərəncamın Azərbaycan elminə, aliminə, ölkəmizin intellektual təbəqəsinə verilən ən yüksək dəyər olduğu və bu sənədin Novruz bayramı və Elm Günü ərəfəsində imzalanmasının alimlərimizin ikiqat sevincinə səbəb olduğu vurğulanıb. Həmçinin qeyd edilib ki, sözügedən sənəd həyatını elmə həsr etmiş, ölkəmizdə elmi məktəblər yaratmış görkəmli alimlərimizin adı ilə bağlı olan elmi ənənələrə qayıdışa da imkan verəcək. Azərbaycan Milli Elmlər Akademiyası hər zaman həm Ulu Öndər Heydər Əliyevin, həm də Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunub.
Bundan əlavə, çıxışlarda qeyd olunub ki, son 3 ilə yaxın dövr ərzində Akademiyada aparılan yeniləşmə və islahatlar Milli Elmlər Akademiyasının cəmiyyətdəki nüfuzunun bərpa olunmasına və elmimizin azərbaycançılıq istiqamətində inkişaf etdirilməsinə öz təsirini göstərib.
Çıxışlardan sonra AMEA-nın çoxminli kollektivi adından Prezident İlham Əliyevə minnətdarlıq məktubu ünvanlanıb.