
BAKI, 19 mart. TELEQRAF
"Qardaşım itkin düşəndə ailəliydi, bir övladı vardı".
Bu sözləri Teleqraf-a açıqlamasında 1992-ci ildə itkin düşmüş, bugün Keşlə Şəhidlər Xiyabanında dəfn olunan Atakişi Atayevin qardaşı Fəxrəddin Atayev deyib.
O, qardaşı ilə sonuncu dəfə danışığından bəhs edib:
"Qardaşım ilə sonuncu dəfə danışan mən olmuşam. 1992-ci ildə 3 aylıq təlim müddəti artıq bitmişdi. O vaxt mobil telefon yox idi. Qardaşım evə zəng etmişdi. Mənimlə danışdı, dedi ki, bizi cəbhəyə yola salırlar. Həmin vaxt o, Hərbi Komissarlıq tərəfindən döyüşlərə cəlb edilmişdi. 31 yaşı var idi".
Fəxrəddin Atayev bildirib ki, qardaşı ali təhsilliydi:
"Ali təhsil alımışdı, BDU-nun Mexanika riyaziyyat fakültəsini bitirmişdi. Hərbi sahədə qalıb xidmət etmək fikri var idi. Orduda artilleriyaçı idi. "Şılka" adlanan dördlüləli silahla xidmət keçirdi, bu silahı az sayda hərbçi idarə edə bilirdi. Bu səbəbdən qardaşım orduya çağırılmışdı"
Fəxrəddin Atayev qardaşının ölüm anından da söz açıb:
"Döyüş yoldaşları bizə necə yaralandığı barədə konkret bir şey deyə bilmədilər. Sadəcə deyilirdi ki, başından qəlpə yarası almışdı, sonradan yolu itirib, başqa istiqamətlərə gedib. 33 ildən sonra yeri müəyyənləşdi. Bu gün Bakıda torpağa tapşırıldı.
Qardaşımın son döyüş yerində, Ağdam şəhərinin o vaxtkı Naxçıvanlı kəndində itkin düşmüşdü. Hazırda həmin ərazi Xocalı rayonu adlanır.
Üç qardaşın böyüyü idi. Evin böyüyü olmaq ayrı bir şeydir. Çox aktiv, mehriban biri idi".