
BAKI, 5 mart. TELEQRAF
Ali təhsil müəssisələrinə, həmçinin tam (11 illik) və ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu bu gün saat 23:59-da başa çatır.
Teleqraf xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.
Məlumata görə, ərizə qəbulunda həm cari, həm də əvvəlki illərin məzunları iştirak etməlidirlər.
Ərizə qəbulundə iştirak edənlərin sayı ilə DİM-in saytında statistika bölməsində real vaxt rejimində tanış olmaq mümkündür.
Ali təhsil və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən bütün abituriyentlər Dövlət İmtahan Mərkəzinin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra (şəxsi kabineti olmayanlar), onun istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə daxil olub “Abituriyentin elektron ərizəsi” formasını doldurur və təsdiq edirlər (etdirirlər).
Ali təhsil müəssisələrinə ərizə qəbulu ilə bağlı ətraflı məlumatla elanın geniş mətnində tanış ola bilərsiniz.
Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu elanı ilə buradan, ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu elanı ilə isə buradan tanış ola bilərsiniz.
Qeyd edilib ki, ərizələrini Sənəd Qəbulu Komissiyalarında təsdiq etdirməli olan abituriyentlər bu gün saat 17:00-dək müvafiq komissiyaya yaxınlaşmalıdırlar.