
“Kəskin respirator virus infeksiyaları çoxsaylıdır. Hər il fəsli qrip də daxil olmaqla bunlardan bir neçəsi epidemik fəsildə yoluxma hallarının sayında dominantlıq edir”.
Teleqraf xəbər verir ki, bu fikirləri “Sağlam radio”da Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.
O bildirib ki, bunların içərisində qrip infeksiyası geniş yayılıb və bir sıra hallarda ağır keçir:
“Digər respirator virus infeksiyaları isə qriplə müqayisədə daha rahat keçir. Buna görə də, bu tip fəsli infeksiyalardan törənəcək xoşagəlməz halların qarşısının alınması məqsədilə birinci növbədə qripin spesifik profilaktikası aparılmalıdır. Təsadüfi deyil ki, hər ilin yay aylarında ÜST növbəti epidemik fəsil üçün dövr edəcək qrip virusu ştamlarının növünü proqnozlaşdırır və profilaktik peyvəndlər də məhz buna əsasən hazırlanır. Sentyabr-oktyabr aylarında qripə qarşı müvafiq peyvəndlər Səhiyyə Nazirliyi tərəfindən əldə edilərək, ölkəyə gətirilir və ambulator xidmət göstərən tibb müəssisələrinə paylanılır. Bu peyvəndlər artıq neçə illərdir ki, dünyanın inkişaf etmiş ölkələrində dəfələrlə öz effektivliyini və təhlükəsizliyini sübut etmiş və qripə yoluxma hallarının sayının azaldılması və ağırlaşmaların profilaktikasında mühüm rol oynayır”.
O qeyd edib ki, mövsümi viruslardan qeyri-spesifik qorunma yolları isə xəstələrlə təmasların azaldılmasına xidmət edən tədbirlərdən ibarətdir:
“Buraya maskanın geyilməsi, sosial məsafənin gözlənilməsi, respirator və əl gigiyenası aiddir. Hazırda ölkəmizə Səhiyyə Nazirliyinin xətti ilə qripə qarşı kifayət qədər effektiv və təhlükəsiz olan peyvəndlər gətirilib və ambulator-poliklinik yardım göstərən tibb müəssisələrinə paylanılıb".