“Məsələ istintaqda araşdırılır. İstintaq sirri olduğuna görə açıqlama verilmir. İstintaqın başa çatmasını gözləyirik”.
Bu barədə Teleqraf.com-a Bakı Sağlamlıq Mərkəzindən ötən həftə 11 yaşlı qızın sözügedən mərkəzdə diş müalicəsindən sonra komaya düşməsi ilə bağlı məsələyə aydınlıq gətirilərkən deyilib.
İddialara görə, Zamin Babayev adlı şəxs fevralın 21-də qızının dişini müalicə etdirmək məqsədilə Bakı Sağlamlıq Mərkəzinə müraciət edib. Vətəndaşı xəstəxanadan Bəhruz Rüstəmov adlı stomotoloqa yönləndiriblər. Ata həkimə bildirib ki, müalicə proseduru sedasiya üsulu ilə edilsin, anesteziyadan birmənalı şəkildə imtina olunub.
Məlumata görə, həkim atanın israrına rəğmən anesteziya ilə müalicəyə başlayıb. Anestezioloq Fərəh Amanova uşağa narkoz qoşub, otaqdan çıxıb və onun səhlənkarlığı nəticəsində oksigen çatışmazlığı yaranıb, uşaq komaya düşüb.
Komaya düşəndən sonra da uşaq Bakı Sağlamlıq Mərkəzində düzgün müalicə olunmayıb. Atası tələsik ambulansla uşağı Mərkəzi Klinik Xəstəxanaya aparıb və orada məlum olub ki, anestezioloqun səhlənkarlığına görə uşağın beyni 4-5 dəqiqə oksigensiz qalıb. İlk 72 saatda edilməli olan müdaxilənin heç biri olunmayıb və uşağın beyninin bir hissəsi zədələnib. 9 gündür 11 yaşlı uşaq komadadır, həkimlər bildiriblər ki, ən yaxşı halda yataq xəstəsi olacaq.
Baş verən hadisəyə isə stomotoloq Bəhruz Rüstəmov sosial mediada belə aydınlıq gətirib. Onun sözlərinə görə, ona fevralın 15-də Şahnaz xanım tərəfindən qızı 11 yaşlı Babazadə Xədicə Zamin qızının müalicəsi ilə bağlı müraciət olunub. “Köməkçim adı çəkilən 11 yaşlı Xədicəni 21.02.2024 tarixinə mənim qəbuluma yazdı.
Valideyni sedasiya ilə bağlı istəklərini bildirdiyinə görə təyin olunmuş vaxtda anestezioloq da klinikaya dəvət olundu. Öncədən Xədicənin valideyni sedasiya ilə bağlı istəklərini bildirdiyinə görə, təyin olunmuş vaxtda anestezioloqa da vaxt bildirildi və o da dəvət olundu. Hər iki valideyni uşağı panoram rentgeni ilə işlədiyim klinikaya gətirdi. Subyektiv və obyektiv müayinələrini etdikdən sonra ağız boşluğunda görülməli proseduralar haqqında məlumat verdim (21-ci dişin endodontik müalicəsi, 46-cı dişin restavrasiyası, 36-cı dişin endodontik müalicəsi).
Sonra anestezioloqlar uşağın valideynləri ilə müvafiq danışıq, müayinə və razılaşmadan sonra valideynlərin prosedur otağından çıxmalarını xahiş etdilər. Anestezioloqla söhbət əsnasında o da məlum oldu ki, 11 yaşlı Xədicə psixiatr yanında mütəmadi müalicədədir. Ümumi intubasion anesteziyaya başladılar, tam monitorizasiya etdilər və mənim işə başlamağıma icazə verdilər. Mən də 30 dəqiqə ərzində bir neçə iş gördüm.
Onu da qeyd etmək istəyirəm ki, pasient ümumi intubasion anesteziyada olduğuna görə yerli anesteziyaya ehtiyac yox idi və olunmadı! İlk gördüyüm iş 46-cı dişin restavrasiyası idi. Daha sonra 21-ci dişin endodontik müalicəsinə başladım. Kök kanallarının mexaniki, medikamentoz işlənməsindən sonra onu doldurdum. Prosedurun sonunda anestezioloq mənə işi təcili dayandırmalı olduğumu bildirdi. Mən işi saxladım və prosedur otağında olan anestezioloq pasientin vəziyyətini dəyərləndirdikdən sonra digər anestezioloq-reanimatoloqları prosedur otağına təcili çağırdı.
Bundan sonra mən heç bir stomatoloji müdaxilə etmədim. Anestezioloq-reanimatoloqlar isə xəstənin intensiv müalicəsini davam etdirmək üçün işlədiyimiz klinikanın reanimasiya şöbəsinə yerləşdirdilər.
Xədicə balanın əzizlərini tam anlayıram və hadisə olan gündən vəziyyət daim diqqətimdə olub. Hazırda xəstənin müalicəsi ilə məşğul olan həkimlərlə daima təmasdayam, vəziyyəti barədə mütəmadi məlumat alıram. Məsələnin tibbi və hüquqi tərəflərini bir kənara qoyaraq Xədicə balamızın tez bir zamanda sağalmasını arzulayırıq”.