BAKI, 13 oktyabr. TELEQRAF
Prezident İlham Əliyevin Kamboca Krallığının Baş naziri Hun Manetin ölkəmizə rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanat Azərbaycanın çoxşaxəli xarici siyasətinin, beynəlxalq əməkdaşlıq coğrafiyasının genişlənməsinin və Asiya regionu ilə münasibətlərə verdiyi strateji əhəmiyyətin növbəti ifadəsidir. Səfər iki ölkə arasında siyasi dialoqun intensivləşdirilməsi, iqtisadi tərəfdaşlığın yeni istiqamətlər üzrə inkişaf etdirilməsi və qarşılıqlı maraqlara əsaslanan münasibətlərin daha yüksək səviyyəyə yüksəldilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Bu sözləri Teleqraf-a açıqlamasında Milli Məclisin deputatı, Ana Vətən partiyasının sədri Günay Ağamalı deyib.
O qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müstəqil və milli maraqlara əsaslanan xarici siyasət Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqelərini ardıcıl olaraq möhkəmləndirir:
"Ölkəmiz ənənəvi tərəfdaşları ilə əlaqələrini inkişaf etdirir, siyasi və iqtisadi əməkdaşlıq imkanlarını genişləndirir. Bu baxımdan Cənub-Şərqi Asiyanın mühüm dövlətlərindən olan Kamboca ilə münasibətlərin inkişafı Azərbaycanın qlobal diplomatik fəallığının və beynəlxalq tərəfdaşlıq imkanlarının genişlənməsinin göstəricisidir. Azərbaycan və Kamboca arasında siyasi münasibətlərin mühüm xüsusiyyətlərindən biri beynəlxalq təşkilatlar çərçivəsində formalaşmış qarşılıqlı etimad və dəstək mühitidir. Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə çərçivəsində həyata keçirilən əməkdaşlıq ölkələrimizin beynəlxalq hüququn fundamental prinsiplərinə, dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və qarşılıqlı hörmətə əsaslanan münasibətlərə verdiyi önəmi nümayiş etdirir. Sözügedən həmrəylik ikitərəfli əlaqələrin daha geniş və praktik məzmun qazanması üçün etibarlı zəmin yaradır.
Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə irəli sürdüyü təşəbbüslər, çoxtərəfli diplomatiyaya verdiyi töhfələr və inkişaf etməkdə olan ölkələrin maraqlarının müdafiəsi istiqamətində nümayiş etdirdiyi prinsipial mövqe ölkəmizin beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə artırıb. Azərbaycan müxtəlif regionları təmsil edən dövlətlərlə bərabərhüquqlu tərəfdaşlıq münasibətləri qurmaq imkanlarına malik nüfuzlu beynəlxalq aktor kimi çıxış edir".
Deputat bildirib ki, səfərin diqqətçəkən məqamlarından biri siyasi münasibətlərin mövcud səviyyəsinə uyğun olaraq iqtisadi əməkdaşlığın genişləndirilməsinin əsas prioritet kimi müəyyənləşdirilməsidir:
"Dövlət başçımızın bəyanatında ticarət dövriyyəsinin mövcud potensialı əks etdirmədiyinə diqqət çəkilməsi və bu istiqamətdə konkret mexanizmlərin formalaşdırılması iqtisadi diplomatiyanın praktik nəticələrə istiqamətləndiyini göstərir. Ticarət və investisiya əməkdaşlığının inkişafı məqsədilə birgə işçi qrupunun yaradılması, biznes forumunun keçirilməsi, sənayenin müxtəlif sahələrində birgə istehsal müəssisələrinin təşkili imkanlarının müzakirəsi münasibətlərin yeni mərhələyə keçidi üçün mühüm addımlardır.
Azərbaycanın əlverişli investisiya mühiti, inkişaf etmiş nəqliyyat-logistika infrastrukturu, enerji potensialı və beynəlxalq iqtisadi layihələrdə qazandığı təcrübə Kamboca ilə qarşılıqlı faydalı əməkdaşlıq üçün geniş perspektivlər açır. Eyni zamanda, Kambocanın Cənub-Şərqi Asiya bazarlarına inteqrasiyası Azərbaycan sahibkarları üçün yeni iqtisadi imkanların formalaşmasına xidmət edir. Coğrafi məsafəyə baxmayaraq, müasir nəqliyyat, kommunikasiya və rəqəmsal texnologiyaların yaratdığı imkanlar ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafını real və perspektivli edir.
Möhtərəm Cənab Prezident İlham Əliyevin bəyanatında nəqliyyat və rəqəmsal transformasiya məsələlərinin prioritet istiqamətlər sırasında qeyd olunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Şərqlə Qərb arasında mühüm nəqliyyat və logistika qovşağı kimi beynəlxalq ticarət əlaqələrinin inkişafına töhfə verir. Ölkəmizin tranzit imkanlarının genişlənməsi, müasir infrastrukturun yaradılması və rəqəmsallaşma sahəsində əldə etdiyi nailiyyətlər Asiya dövlətləri ilə iqtisadi inteqrasiyanın dərinləşdirilməsi üçün əlavə imkanlar formalaşdırır.
İkitərəfli münasibətlərin inkişafında humanitar əməkdaşlıq mühüm yer tutur. Sovet dövründə yüzlərlə kambocalı gəncin Azərbaycanda ali təhsil alması xalqlarımız arasında tarixi əlaqələrin mövcudluğunu göstərir. Ənənənin müasir dövrün tələblərinə uyğun şəkildə bərpası, qarşılıqlı tələbə mübadiləsi və ali təhsil müəssisələri arasında əməkdaşlığın genişləndirilməsi uzunmüddətli tərəfdaşlığın sosial və intellektual əsaslarını gücləndirəcək. Təhsil sahəsində əlaqələrin inkişafı xalqlar arasında qarşılıqlı anlaşmanın, mədəni yaxınlığın və dostluq münasibətlərinin möhkəmlənməsinin təzahürüdür.

Azərbaycanın uğurlu idarəçilik təcrübəsinin beynəlxalq səviyyədə maraq doğurması ölkəmizin inkişaf modelinin mühüm göstəricilərindəndir. Dövlət xidmətlərinin göstərilməsində şəffaflıq, operativlik və vətəndaş məmnunluğu prinsiplərini özündə birləşdirən “ASAN xidmət” modelinə Kambocanın maraq göstərməsi Azərbaycanın institusional innovasiyalar sahəsində əldə etdiyi nailiyyətlərin beynəlxalq əhəmiyyətinin göstəricisidir. “ASAN xidmət” modelinin digər ölkələrlə paylaşılması dövlət idarəçiliyi sahəsində beynəlxalq əməkdaşlığa yeni imkanlar açır, Azərbaycanın innovativ idarəçilik təcrübəsinin dünyada tanınmasına və ölkəmizin beynəlxalq nüfuzunun daha da möhkəmlənməsinə mühüm töhfə verir.
Parlamentlərarası münasibətlərin inkişafı siyasi dialoqun davamlılığının təmin olunmasında mühüm rol oynayır. Azərbaycan və Kamboca parlamentlərində dostluq qruplarının fəaliyyəti qanunverici orqanlar arasında təcrübə mübadiləsinin genişləndirilməsi və qarşılıqlı maraq doğuran məsələlər üzrə əməkdaşlığın dərinləşdirilməsi üçün əlverişli imkanlar yaradır. Kambocanın dəstəyi ilə Azərbaycan Milli Məclisinin ASEAN Parlamentlərarası Assambleyasında müşahidəçi statusu əldə etməsi ölkəmizin Cənub-Şərqi Asiya regionunun parlament diplomatiyasında iştirak imkanlarını genişləndirən mühüm diplomatik nailiyyətdir. Bu, eyni zamanda Azərbaycanın xarici siyasətində Asiya istiqamətinin artan əhəmiyyətini nümayiş etdirir.
Səfər çərçivəsində müzakirə olunan ən həssas məsələlərdən biri də mina təhlükəsi və onun humanitar nəticələridir. Azərbaycan və Kamboca müxtəlif tarixi şəraitlərdə mina problemi ilə üzləşmiş dövlətlərdir. Ölkəmizin işğaldan azad edilmiş ərazilərində Ermənistan tərəfindən basdırılmış minalar bu gün də insanların həyat və sağlamlığı üçün ciddi təhlükə mənbəyi olaraq qalır. Cənab Prezident İlham Əliyevin bəyanatında vurğulandığı kimi, işğaldan azad olunmuş ərazilərdə mina partlayışları nəticəsində 400-dən çox insanın həlak olması və ya xəsarət alması problemin miqyasını və ağır humanitar nəticələrini göstərir.
Mina təhlükəsi insanların təhlükəsizliyinə təhdid olmaqla yanaşı, işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışına ciddi maneələr yaradır. Bu baxımdan Azərbaycan və Kamboca arasında minatəmizləmə sahəsində təcrübə, texnologiya və peşəkar bilik mübadiləsi, birgə təlimlərin təşkili mühüm praktik əhəmiyyət daşıyır. Belə əməkdaşlıq humanitar təhlükəsizliyin təmin edilməsinə və insanların təhlükəsiz yaşayış hüququnun qorunmasına real töhfə verəcək.
Dövlətimizin başçısının bəyanatında xüsusi yer tutan digər mühüm istiqamət sülhün və təhlükəsizliyin beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanması ilə bağlıdır. Azərbaycanın keçdiyi tarixi yol bir daha sübut edir ki, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət beynəlxalq münasibətlərdə sabitliyin və davamlı sülhün başlıca şərtidir. Azərbaycan 30 ilə yaxın davam edən işğala son qoyaraq öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib, bununla da regionda yeni siyasi reallıqlar formalaşdırıb. Günümüzdə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri Azərbaycanın güclü iqtisadi potensialının, dövlət iradəsinin və uzunmüddətli inkişaf strategiyasının təzahürüdür. “Böyük Qayıdış” Proqramı çərçivəsində müasir yaşayış məntəqələri salınır, sosial infrastruktur qurulur, iqtisadi fəaliyyət bərpa edilir və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı təmin olunur. Artıq 100 minə yaxın insanın Qarabağ və Şərqi Zəngəzurda yaşaması və çalışması Azərbaycanın postmünaqişə dövründə qarşıya qoyduğu strateji hədəflərin ardıcıl şəkildə reallaşdırıldığını göstərir".
Günay Ağamalıya görə, Azərbaycanın təcrübəsi göstərir ki, dayanıqlı sülh beynəlxalq hüquqa hörmət, təhlükəsizlik təminatları, iqtisadi inkişaf və qarşılıqlı etimad əsasında möhkəmlənə bilər:
"Ölkə rəhbərimiz Cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas istiqamətlərindən biri də məhz regionda uzunmüddətli sabitliyin təmin olunması, əməkdaşlıq imkanlarının genişləndirilməsi və qarşılıqlı faydalı münasibətlərin təşviqidir.
Kambocanın Baş naziri Hun Manetin Azərbaycana rəsmi səfəri zamanı əldə olunan razılaşmalar və imzalanan sənədlər iki ölkə arasında əməkdaşlığın institusional əsaslarının möhkəmləndirilməsi baxımından əhəmiyyətlidir. Siyasi dialoqdan iqtisadi tərəfdaşlığa, parlament diplomatiyasından humanitar əməkdaşlığa qədər geniş sahələri əhatə edən münasibətlər Azərbaycan–Kamboca əlaqələrinin gələcək inkişafı üçün yeni perspektivlər müəyyənləşdirir.
Bütövlükdə, səfər Azərbaycanın xarici siyasətinin coğrafi sərhədlərinin genişləndiyini, ölkəmizin beynəlxalq münasibətlər sistemində etibarlı və təşəbbüskar tərəfdaş kimi mövqeyinin möhkəmləndiyini bir daha nümayiş etdirir. Dövlət başçımız Cənab İlham Əliyevin uzaqgörən və praqmatik diplomatiyası nəticəsində Azərbaycan müxtəlif regionlar arasında siyasi dialoqun, iqtisadi əməkdaşlığın və qarşılıqlı etimadın inkişafına töhfə verən mühüm dövlətə çevrilib. Azərbaycan–Kamboca münasibətlərində müşahidə olunan müsbət dinamika ölkəmizin milli maraqlara söykənən, bərabərhüquqlu tərəfdaşlığı və beynəlxalq hüququ əsas götürən xarici siyasət kursunun uğurlu nəticələrindəndir".