BAKI, 30 iyul. TELEQRAF
Azərbaycanla Qırğızıstan arasında münasibətlər qarşılıqlı hörmətə, etimada və strateji tərəfdaşlığa əsaslanan, gələcəyə hesablanmış əməkdaşlıq modelidir. Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində bu əlaqələr siyasi dialoqdan iqtisadi əməkdaşlığa, parlament diplomatiyasından humanitar münasibətlərə qədər bütün istiqamətlər üzrə davamlı inkişaf edir.
Bu sözləri Teleqraf-a Milli Məclisin deputatı Səbinə Salmanova deyib.
O bildirib ki, Azərbaycanla Qırğızıstan arasında formalaşan münasibətlər türk dünyasında əməkdaşlığın ən uğurlu nümunələrindən biri kimi diqqət çəkir:
“Ortaq dil, mədəniyyət, milli-mənəvi dəyərlər və tarixi bağlılıq üzərində qurulmuş bu münasibətlər son illər keyfiyyətcə yeni mərhələyə yüksələrək strateji tərəfdaşlıq səviyyəsinə çatıb. Hazırda Bakı ilə Bişkek arasında əlaqələr yalnız dostluq və qardaşlıq münasibətləri ilə məhdudlaşmır, siyasi dialoq, iqtisadi əməkdaşlıq, parlament diplomatiyası, humanitar münasibətlər və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin mühüm istiqamətlərini əhatə edən çoxşaxəli əməkdaşlıq modelinə çevrilib”.
Deputat bildirib ki, Azərbaycan-Qırğızıstan münasibətlərinin bugünkü yüksək inkişaf səviyyəsinə çatmasında Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi ardıcıl və uzaqgörən xarici siyasət mühüm rol oynayır:
“Prezident İlham Əliyev türk dövlətləri arasında həmrəyliyin gücləndirilməsini Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirib. Dövlətimizin başçısının Qırğızıstana səfərləri, Qırğızıstan Prezidenti ilə keçirdiyi görüşlər, imzalanan sənədlər və əldə olunan razılaşmalar münasibətlərin institusional əsaslarını daha da möhkəmləndirib. Prezident İlham Əliyevin vurğuladığı kimi, türk dünyasının birliyi yalnız tarixi və mədəni bağlara deyil, eyni zamanda siyasi iradəyə, qarşılıqlı dəstəyə və ortaq strateji maraqlara söykənməlidir. Məhz bu siyasi xətt nəticəsində Azərbaycan-Qırğızıstan münasibətləri son illərdə tarixinin ən yüksək inkişaf mərhələsinə yüksəlib”.

Səbinə Salmanova qeyd edib ki, iki ölkə arasında münasibətlərin inkişafında parlament diplomatiyası da mühüm rol oynayır:
“Azərbaycan Respublikasının Milli Məclisi ilə Qırğız Respublikasının Joqorku Keneşi arasında formalaşmış səmərəli əməkdaşlıq qanunverici orqanların münasibətində qarşılıqlı etimadın möhkəmlənməsinə, qanunvericilik sahəsində təcrübə mübadiləsinin genişlənməsinə və siyasi dialoqun dərinləşməsinə mühüm töhfə verir.
Bu prosesdə Milli Məclisin sədri Sahibə xanım Qafarovanın həyata keçirdiyi parlament diplomatiyası xüsusi əhəmiyyət kəsb edir. Onun rəhbərliyi ilə parlamentlərarası əlaqələrin inkişafı, qarşılıqlı səfərlərin intensivləşməsi, dostluq qruplarının fəaliyyətinin genişləndirilməsi və beynəlxalq parlament platformalarında əlaqələndirilmiş fəaliyyət Azərbaycan-Qırğızıstan strateji tərəfdaşlığının qanunvericilik müstəvisində daha da möhkəmlənməsinə xidmət edir.
Eyni zamanda, Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA), Parlamentlərarası İttifaq (IPU), Asiya Parlament Assambleyası (APA) və digər beynəlxalq parlament təşkilatları çərçivəsində Azərbaycan və Qırğızıstan nümayəndə heyətlərinin sıx əməkdaşlığı ortaq maraqların müdafiəsi, türk dünyasının birliyinin gücləndirilməsi və beynəlxalq hüququn fundamental prinsiplərinin təşviqi baxımından mühüm əhəmiyyət daşıyır. Bu əməkdaşlıq parlament diplomatiyasının dövlətlərarası strateji münasibətlərin ayrılmaz tərkib hissəsinə çevrildiyini bir daha təsdiq edir”.
Parlamentari söyləyib ki, Azərbaycan və Qırğızıstan beynəlxalq təşkilatlar çərçivəsində də bir-birini ardıcıl şəkildə dəstəkləyən dost və tərəfdaş dövlətlərdir:
“BMT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM), İqtisadi Əməkdaşlıq Təşkilatı və digər çoxtərəfli platformalarda hər iki ölkə beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan mövqedən çıxış edir. Xüsusilə Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq Azərbaycan-Qırğızıstan münasibətlərinə yeni məzmun qazandıraraq iqtisadi, nəqliyyat, rəqəmsallaşma, təhsil və humanitar sahələrdə birgə layihələrin həyata keçirilməsi üçün geniş imkanlar yaradır”.
Səbinə Salmanova onu da vurğulayıb ki, Vətən müharibəsində qazanılan tarixi Zəfərdən sonra Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri Azərbaycan-Qırğızıstan əməkdaşlığına yeni məzmun qazandırıb:
“Qardaş Qırğızıstanın Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə verdiyi ardıcıl siyasi dəstək, eyni zamanda işğaldan azad olunmuş ərazilərin dirçəldilməsi prosesinə göstərdiyi diqqət iki ölkə arasındakı münasibətlərin yüksək səviyyəsinin bariz göstəricisidir. Əminəm ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu xarici siyasət nəticəsində Azərbaycanla Qırğızıstan arasında strateji tərəfdaşlıq bundan sonra da bütün istiqamətlər üzrə daha da dərinləşəcək, türk dünyasının həmrəyliyinin möhkəmlənməsinə, regionda sülhün, təhlükəsizliyin və dayanıqlı inkişafın təmin olunmasına mühüm töhfələr verməyə davam edəcək”.
Milli Məclisin deputatı Vasif Qafarov da vurğulayıb ki, Azərbaycan ilə Qırğızıstan arasında münasibətlər son illərdə keyfiyyətcə yeni mərhələyə qədəm qoyaraq tarixinin ən yüksək inkişaf səviyyəsinə çatıb:

“Əgər əvvəlki dövrlərdə əlaqələrin əsasını ortaq türk kimliyi, tarix, dil və mədəni yaxınlıq təşkil edirdisə, bu gün həmin mənəvi təməl konkret siyasi, iqtisadi və geostrateji əməkdaşlıq mexanizmləri ilə tamamlanır. Bakı ilə Bişkek arasında formalaşan münasibətlər artıq simvolik dostluq çərçivəsini aşaraq institusional əsaslara söykənən strateji tərəfdaşlıq modelinə çevrilib.
Azərbaycan və Qırğızıstan müstəqillik qazandıqdan sonra əlaqələrini qarşılıqlı hörmət, dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsipləri üzərində qurublar. Son illər dövlət başçıları arasında intensiv qarşılıqlı səfərlər və müntəzəm siyasi dialoq bu münasibətlərin inkişafında əsas hərəkətverici qüvvəyə çevrilib. Bu dialoq nəticəsində əməkdaşlıq yalnız diplomatik bəyanatlarla məhdudlaşmayaraq iqtisadiyyat, nəqliyyat, enerji, təhsil, rəqəmsal texnologiyalar və humanitar sahələri də əhatə edən geniş gündəm formalaşdırıb.
Azərbaycanın Mərkəzi Asiya siyasətində Qırğızıstan xüsusi yer tutur. Bu ölkə Türk dünyasının mühüm üzvlərindən biri olmaqla yanaşı, Asiya ilə Avropanı birləşdirən yeni nəqliyyat və logistika marşrutlarında da əhəmiyyətli mövqeyə malikdir. Azərbaycanın isə Şərq-Qərb nəqliyyat dəhlizində oynadığı rol Qırğızıstan üçün Avropa bazarlarına çıxış imkanlarını genişləndirir. Bu baxımdan iki ölkənin maraqları qarşılıqlı şəkildə tamamlanır”.
Deputat bildirib ki, xüsusilə Orta Dəhlizin inkişafı fonunda Azərbaycan-Qırğızıstan əməkdaşlığının strateji əhəmiyyəti daha da artır:
“Qlobal ticarət marşrutlarının yenidən formalaşdığı dövrdə Xəzər dənizi vasitəsilə həyata keçirilən yükdaşımalar hər iki dövlət üçün yeni iqtisadi imkanlar yaradır. Azərbaycanın müasir liman infrastrukturu, dəmir yolu şəbəkəsi və logistika potensialı Qırğızıstan məhsullarının beynəlxalq bazarlara çıxışı üçün etibarlı platforma rolunu oynayır. Bu isə münasibətləri yalnız siyasi deyil, həm də iqtisadi baxımdan uzunmüddətli və qarşılıqlı faydalı edir.
İqtisadi əməkdaşlıq da yeni mərhələyə qədəm qoyub. Ticarət dövriyyəsinin artırılması, birgə investisiya layihələrinin həyata keçirilməsi, sənaye kooperasiyasının genişləndirilməsi və kənd təsərrüfatı sahəsində əməkdaşlıq prioritet istiqamətlər sırasındadır.
Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və yenidənqurma layihələrində Qırğızıstanın iştirak etməsi iki ölkə arasında etimadın və siyasi yaxınlığın mühüm göstəricisidir. Bu əməkdaşlıq humanitar həmrəyliyin iqtisadi əməkdaşlığa çevrilməsinin uğurlu nümunəsi kimi qiymətləndirilə bilər.
Münasibətlərin mühüm sütunlarından biri Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıqdır. Hər iki ölkə təşkilatın institusional imkanlarının gücləndirilməsini, iqtisadi inteqrasiyanın dərinləşdirilməsini və ortaq layihələrin reallaşdırılmasını dəstəkləyir. Türk dünyasında inteqrasiyanın yeni mərhələyə qədəm qoyduğu bir vaxtda Azərbaycan və Qırğızıstan bu prosesin fəal iştirakçıları kimi çıxış edirlər. Bu əməkdaşlıq yalnız mədəni yaxınlıq deyil, həm də ortaq iqtisadi məkanın formalaşdırılması istiqamətində mühüm addımların atılmasına xidmət edir”.
Vasif Qafarov vurğulayıb ki, təhsil, elm, mədəniyyət və gənclər siyasəti sahəsində əməkdaşlıq da münasibətlərin davamlı inkişafını təmin edən əsas amillərdəndir:
“Tələbə mübadilə proqramları, ortaq elmi layihələr, mədəni tədbirlər və humanitar təşəbbüslər xalqlar arasında qarşılıqlı etimadı daha da möhkəmləndirir. Dövlətlərarası münasibətlərin uzunömürlü olması üçün məhz ictimai və humanitar əlaqələrin gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır.
Geosiyasi baxımdan Azərbaycan–Qırğızıstan tərəfdaşlığı yeni reallıqlara uyğun inkişaf edir. Qlobal güc mərkəzləri arasında rəqabətin artdığı, beynəlxalq nəqliyyat marşrutlarının dəyişdiyi və regional təhlükəsizlik məsələlərinin aktuallaşdığı bir dövrdə iki ölkə qarşılıqlı dəstək və koordinasiyaya xüsusi önəm verir. Beynəlxalq təşkilatlar çərçivəsində bir-birinin mövqeyini dəstəkləmələri bu əməkdaşlığın siyasi etibarlılığını daha da gücləndirir.
Bütün bunlar göstərir ki, Azərbaycan–Qırğızıstan münasibətləri artıq yalnız tarixi və mədəni yaxınlıq üzərində qurulan əlaqələr deyil. Bu münasibətlər qarşılıqlı iqtisadi maraqlara, regional nəqliyyat layihələrinə, investisiya əməkdaşlığına və ortaq geosiyasi baxışlara əsaslanan strateji tərəfdaşlıq modelinə çevrilib.
Mövcud dinamika göstərir ki, yaxın illərdə Bakı ilə Bişkek arasında əməkdaşlıq daha da genişlənəcək, Türk dünyasının iqtisadi və siyasi inteqrasiyasının güclənməsinə, regionda sabitliyin və dayanıqlı inkişafın təmin olunmasına mühüm töhfə verəcək”.