BAKI, 22 iyul. TELEQRAF

Möhtərəm Cənab Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri və səfər çərçivəsində imzalanan strateji sənədlər Azərbaycanın xarici siyasətində yeni mərhələnin başlanğıcıdır. Səfər bir daha göstərdi ki, Azərbaycan enerji tərəfdaşı olmaqla bərabər, Avropanın təhlükəsizliyi, nəqliyyat bağlantıları, regional sabitliyi və iqtisadi əməkdaşlığı üçün etibarlı strateji aktora çevrilib.

Bu sözləri Teleqraf-a Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Günay Ağamalı deyib.

O qeyd edib ki, dövlət başçımızın vurğuladığı kimi, Azərbaycan və Almaniya arasında strateji dialoqun başlanması münasibətlərin institusional əsaslar üzərində inkişaf edəcəyini göstərir:

“İmzalanan Birgə Bəyannamə və Azərbaycan–Almaniya Biznes Şurasının yaradılması iqtisadi əlaqələrin genişlənməsinə, qarşılıqlı investisiyaların artmasına və yeni əməkdaşlıq platformalarının formalaşmasına mühüm təkan verəcək.

Xüsusi diqqət çəkən məqamlardan biri Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan roludur. Azərbaycan artıq təbii qazını Almaniyaya ixrac edir və Avropa İttifaqının 10 ölkəsini etibarlı enerji ilə təmin edir. Bununla yanaşı, yaşıl enerji sahəsində əməkdaşlıq perspektivləri Azərbaycanın enerji diplomatiyasının yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir. Günümüzdə Avropanın enerji təhlükəsizliyindən danışarkən Azərbaycanın adı etibarlı tərəfdaş kimi xüsusi səslənir.

Möhtərəm Cənab Prezident İlham Əliyevin nəqliyyat və tranzit imkanları ilə bağlı verdiyi mesajlar strateji əhəmiyyət daşıyır. Azərbaycanın Orta Dəhlizin əsas halqasına çevrilməsi, Avropa ilə Mərkəzi Asiya arasında etibarlı körpü funksiyasını gücləndirməsi ölkəmizin geosiyasi əhəmiyyətini daha da artırır. Almaniyanın bu istiqamətdə malik olduğu texnoloji və sənaye potensialı ilə Azərbaycanın tranzit imkanlarının uzlaşması hər iki ölkə üçün uzunmüddətli dividendlər vəd edir”.

Deputat bildirib ki, dövlət başçısının Ermənistanla münasibətlərin normallaşması, sülh prosesində əldə olunan nəticələr və Azərbaycanın sülh gündəliyinə sadiqliyi barədə səsləndirdiyi fikirlər xüsusi önəm daşıyır:

“Azərbaycan 30 ilə yaxın davam edən münaqişəni beynəlxalq hüququn norma və prinsipləri əsasında öz gücü ilə başa çatdırdı, sonrakı dönəmdə regionda davamlı sülhün qurulması istiqamətində konstruktiv təşəbbüslərlə çıxış etdi. Bu gün Ermənistanın enerji təminatında və tranzit əlaqələrində Azərbaycanın oynadığı rol ölkəmizin əməkdaşlıq və sabitlik siyasətinə üstünlük verdiyini nümayiş etdirir.

Eyni zamanda, Almaniya hökumətinin sülh prosesinə verdiyi dəstəyin yüksək qiymətləndirilməsi, Avropa İttifaqı ilə münasibətlərin inkişafına verilən önəm Azərbaycanın çoxtərəfli və balanslaşdırılmış xarici siyasət kursunun ardıcıl davam etdiyini göstərir. Almaniya kimi Avropanın aparıcı dövləti ilə strateji tərəfdaşlığın möhkəmlənməsi Azərbaycan–Avropa İttifaqı münasibətlərinin yeni məzmun qazanmasına xidmət edəcək.

Ölkə rəhbərimiz Cənab İlham Əliyevin Almaniyaya rəsmi səfəri Azərbaycan beynəlxalq münasibətlər sistemində təşəbbüs irəli sürən, etibarlı tərəfdaş kimi qəbul olunan və regional proseslərin istiqamətini müəyyən edən nüfuzlu dövlət olduğunun göstəricisidir. Səfərin nəticələri təkcə iki ölkə arasında əlaqələrin inkişafına deyil, həm də bütövlükdə Cənubi Qafqazda sülhün, iqtisadi inteqrasiyanın və Avropa ilə Asiya arasında strateji əməkdaşlığın daha da möhkəmlənməsinə mühüm töhfə verəcək”.