BAKI, 14 iyul. TELEQRAF

Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyev Teleqraf-ın suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Eldar müəllim, Azərbaycana beynəlxalq ictimaiyyətin marağı və diqqəti hər ötən gün daha da artır. Prezident İlham Əliyevin G20 Zirvə Toplantısına dəvət edilməsi də bunun bariz nümunəsidir. Ölkəmizə artan marağı necə xarakterizə etmək olar?

- ABŞ Prezidenti Donald Tramp tərəfindən Azərbaycan Prezidenti Prezident İlham Əliyevin G20 Zirvə Toplantısına dəvət olunması ölkəmizin beynəlxalq nüfuzunun və onun Liderinə göstərilən yüksək etimadın təzahürüdür. Sözsüz ki, Azərbaycanın 14-15 dekabr tarixlərində Mayamidə keçiriləcək G20 sammitinə dəvət olunması ölkəmizin kursunun düzgünlüyünün daha bir təsdiqidir. Bu, Prezident İlham Əliyevin illər ərzində məharətlə həyata keçirdiyi xarici siyasət strategiyasının birbaşa nəticəsidir. Dövlət başçısının rəhbərliyi ilə Azərbaycan özünü regional və qlobal proseslərin əsas iştirakçısı kimi inamla sübut edib.

Təbii ki, G20 sammitləri dünyanın ən böyük iqtisadiyyatlarını bir araya gətirir və qlobal ÜDM-in təxminən 85%-ni, beynəlxalq ticarətin 75%-dən çoxunu və planet əhalisinin təxminən üçdə ikisini təşkil edir. Eyni zamanda bu formatın tədricən genişlənməsi və qlobal siyasətdəki dəyişiklikləri əks etdirməsi təbiidir. Azərbaycan G20-nin üzvü olmasa da, bu gün Avrasiya məsələlərinin müzakirəsini regionun nüfuzlu aktorlarından birinin iştirakı olmadan təsəvvür etmək çətindir.

Dəvət olunanlar siyahısında Azərbaycandan əlavə, Qazaxıstan, Özbəkistan, Finlandiya, İrlandiya, Niderland, Norveç, Qətər, Sinqapur, İspaniya və BƏƏ də var. Yəni, regionları nəqliyyat dəhlizləri ilə birləşdirə, enerji təhlükəsizliyini təmin edə və qeyri-sabit qlobal mühitdə etibarlı tərəfdaş kimi xidmət edə bilən dövlətlər. Məhz bu, Prezident İlham Əliyevin uzun illərdir ardıcıl olaraq həyata keçirdiyi strategiyadır.

Bu bir reallıqdır ki, Prezident İlham Əliyevin G20 Zirvə Toplantısına dəvət olunması ölkəmizin beynəlxalq münasibətlər sistemində artan rolunun, etibarlı tərəfdaş kimi qazandığı nüfuzun və dövlət başçısının həyata keçirdiyi uğurlu xarici siyasət kursunun növbəti mühüm göstəricisidir. Bu dəvət təkcə bir dövlət başçısına ünvanlanan diplomatik jest deyil, eyni zamanda Azərbaycanın qlobal proseslərdə fəal iştirak edən, regional və beynəlxalq təhlükəsizliyə, iqtisadi əməkdaşlığa, enerji təminatına və dayanıqlı inkişafa mühüm töhfələr verən məsuliyyətli dövlət kimi qəbul edilməsinin ifadəsidir.

- Hazırkı dövrdə bir çox təhdidlərin artması fonunda Azərbaycanın qlobal təhlükəsizliyin təmin edilməsində yeri və rolunu necə qiymətləndirirsiniz?

- Müasir dövrdə qlobal çağırışların miqyası genişlənməkdədir. İqlim dəyişiklikləri, enerji təhlükəsizliyi, ərzaq təminatı, rəqəmsal transformasiya, geosiyasi gərginliklər və iqtisadi qeyri-müəyyənlik beynəlxalq əməkdaşlığın daha da gücləndirilməsini zəruri edir. Belə bir şəraitdə dünyanın aparıcı iqtisadiyyatlarını bir araya gətirən G20 platformasına dəvət almaq yalnız yüksək beynəlxalq etimada malik ölkələrə və liderlərə nəsib olur. Prezident İlham Əliyevin bu mötəbər tədbirə dəvət edilməsi Azərbaycanın qlobal gündəliyin formalaşdırılmasına verdiyi töhfələrin beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyini göstərir.

Son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və praqmatik xarici siyasət Azərbaycanın beynəlxalq mövqelərini əhəmiyyətli dərəcədə möhkəmləndirib. Ölkəmiz müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində fəal iştirak edir, çoxtərəfli əməkdaşlığın inkişafına mühüm töhfələr verir və müxtəlif regionlar arasında etibarlı dialoq platforması kimi çıxış edir. Azərbaycanın balanslaşdırılmış və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan xarici siyasəti ölkəmizi beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanıdıb.

Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsində oynadığı mühüm rol da beynəlxalq nüfuzunun əsas amillərindən biridir. Xəzər hövzəsinin zəngin enerji resurslarının dünya bazarlarına təhlükəsiz və şaxələndirilmiş marşrutlarla çatdırılması istiqamətində həyata keçirilən iri layihələr ölkəmizin strateji əhəmiyyətini daha da artırıb. Enerji sahəsində etibarlı tərəfdaş kimi formalaşan Azərbaycan bu gün Avropa və digər regionların enerji təhlükəsizliyinə mühüm töhfə verir. Eyni zamanda yaşıl enerji istiqamətində həyata keçirilən layihələr və bərpaolunan enerji mənbələrinin inkişafı ölkəmizin dayanıqlı inkişaf strategiyasının mühüm tərkib hissəsinə çevrilib.

- Hümanitar əməkdaşlıqda Azərbaycanın rolu haqqında yanaşmalar necədir?

- Sözsüz ki, Azərbaycanın beynəlxalq humanitar əməkdaşlıq sahəsində əldə etdiyi uğurlar da xüsusi qeyd olunmalıdır. Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmiz mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqinə, humanitar əməkdaşlığın genişləndirilməsinə və sülhün möhkəmləndirilməsinə yönəlmiş çoxsaylı beynəlxalq tədbirlərə ev sahibliyi edib. Bu təşəbbüslər Azərbaycanın sivilizasiyalar arasında körpü rolunu daha da gücləndirib və ölkəmizin beynəlxalq nüfuzunu artırıb.

Son illərdə Azərbaycanın qlobal iqlim gündəliyində fəal iştirakı da beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsi, ətraf mühitin mühafizəsi və yaşıl iqtisadiyyata keçid istiqamətində görülən işlər ölkəmizin qlobal çağırışlara məsuliyyətli yanaşmasının bariz nümunəsidir. Bu istiqamətdə irəli sürülən təşəbbüslər Azərbaycanın beynəlxalq platformalarda mövqeyini daha da gücləndirir.

Prezident İlham Əliyevin beynəlxalq səviyyədə qazandığı yüksək nüfuz, prinsipial mövqeyi, milli maraqları qətiyyətlə müdafiə etməsi və qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqliyi dünya liderləri tərəfindən böyük hörmətlə qarşılanır. Onun müxtəlif beynəlxalq platformalarda səsləndirdiyi təşəbbüslər, regional və qlobal məsələlərə dair mövqeyi geniş dəstək qazanır. Bu baxımdan G20 Zirvə Toplantısına dəvət olunması Prezident İlham Əliyevin şəxsi liderlik keyfiyyətlərinə, diplomatik fəaliyyətinə və beynəlxalq nüfuzuna verilən yüksək qiymətin ifadəsi kimi dəyərləndirilə bilər.

- Regional əməkdaşlıq və sülhün təşviqi istiqamətində atılan addımları necə dəyərləndirirsiniz?

- Eyni zamanda bu dəvət Azərbaycanın regionda sabitliyin, təhlükəsizliyin və əməkdaşlığın təşviqində oynadığı mühüm rolun beynəlxalq səviyyədə qəbul olunduğunu da nümayiş etdirir. Ölkəmiz müxtəlif nəqliyyat və logistika layihələrinin reallaşdırılması, beynəlxalq ticarət əlaqələrinin genişləndirilməsi və regional iqtisadi inteqrasiyanın gücləndirilməsi istiqamətində mühüm təşəbbüslərlə çıxış edir. Bu siyasət Azərbaycanın Avrasiya məkanında strateji mövqeyini daha da möhkəmləndirib.

Nəticə etibarilə, Prezident İlham Əliyevin G20 Zirvə Toplantısına dəvət olunması Azərbaycanın beynəlxalq aləmdə qazandığı etimadın, ölkəmizin artan nüfuzunun və dövlət başçısının uğurlu siyasi-diplomatik fəaliyyətinin məntiqi nəticəsidir. Bu mühüm hadisə Azərbaycanın qlobal proseslərdə fəal iştirak edən, etibarlı tərəfdaş və məsuliyyətli dövlət kimi mövqeyini bir daha təsdiqləyir. Prezident İlham Əliyevin beynəlxalq nüfuzunun yüksəlməsi, həyata keçirdiyi məqsədyönlü siyasət və milli maraqlara əsaslanan strateji yanaşma Azərbaycanın dünya birliyində mövqeyinin daha da möhkəmlənməsinə, ölkəmizin beynəlxalq əməkdaşlıq imkanlarının genişlənməsinə və qlobal təşəbbüslərdə iştirakının daha da artmasına xidmət edir.