BAKI, 9 may. TELEQRAF
Bəşəriyyət tarixinin ən qanlı savaşlarından biri olan İkinci Dünya müharibəsi təkcə cəbhələrdə yox, xalqların yaddaşında, taleyində, milli kimliyində də dərin izlər buraxdı. 9 May – faşizm üzərində Qələbə Günü indinin özündə də dünyanın müxtəlif ölkələrində fərqli baxış bucağından dəyərləndirilir. Dəyişməyənsə bir həqiqət var: faşizm üzərində qələbənin arxasında milyonlarla insanın qanı, əməyi və fədakarlığı dayanır. Onlardan biri də Azərbaycan xalqıdır.
Azərbaycanın bu müharibədə rolu bəzən yalnız “neft faktoru” ilə məhdudlaşdırılır. Halbuki ölkəmizin savaşdakı missiyası təkcə "neft anbarı" olmaqdan ibarət deyildi. Bu xalq həm ön cəbhədə döyüşməyi, həm arxada çalışmağı, həm də öz övladlarını dünyanın ən amansız müharibəsinə qurban verməyi bacardı.
1941-ci ildə Hitler Almaniyasının SSRİ-yə hücumu ilə başlayan savaş Azərbaycanın həyatını tamamilə dəyişdi. O dövrdə cəmi bir neçə milyon əhalisi olan Azərbaycandan təxminən 700 min nəfər müharibəyə yola salındı. Onların yarıdan çoxu geri qayıtmadı. Bu, kiçik bir xalq üçün demoqrafik sarsıntı, mənəvi olaraq ağır faciə idi.
Azərbaycan isə geri çəkilmədi. Bakı təkcə bir şəhər deyildi – döyüşən sovet ordusunun ürəyi idi.
Bütün hallarda bir qaçılmaz həqiqət vardı: müharibə illərində SSRİ-də hasil olunan neftin böyük hissəsi Azərbaycanın payına düşürdü. Tankları hərəkətə gətirən yanacaq, təyyarələri havaya qaldıran benzin, hərbi texnikanı işlədən enerji məhz Bakıdan yola salınırdı. Tarixçilər təsadüfən demirlər ki, Hitler üçün Bakı nefti strateji hədəf idi.
Almaniyanın “Edelveys” planında Qafqazın, xüsusilə Bakının ələ keçirilməsi əsas məqsədlərdən biri sayılırdı. Bakı məğlub olsaydı, sovet ordusunun müqavimət gücü ciddi şəkildə zəifləyə və zədələnə bilərdi.
Bu səbəbdən Azərbaycan müharibənin görünməyən cəbhəsinə çevrilmişdi.
Bakıda gecə-gündüz çalışan neftçilər, zavod fəhlələri, həkimlər, qadınlar və yeniyetmələr ön cəbhənin döyüşçüləri qədər böyük missiya və məsuliyyət daşıyırdılar. Kişilər cəbhəyə yollandıqca istehsal sahəsində onların yerini qadınlar tuturdu. Minlərlə azərbaycanlı qadın ilk dəfə ağır sənaye müəssisələrində işləməyə başladı. Müharibə xalqın sosial həyatını, düşüncə tərzini və ailə modelini dəyişdirdi.
Azərbaycan təkcə resurs yox, qəhrəmanlar da verdi.
Həzi Aslanovun adı bu gün də hərbi tarixdə xüsusi hörmətlə çəkilir. İki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülən general-mayor Həzi Aslanov tank qoşunlarının ən parlaq komandirlərindən biri sayılırdı. Onun döyüş yolu təkcə Azərbaycanın yox, bütöv müharibənin qəhrəmanlıq salnaməsidir.
Məlik Məhərrəmov, İsrafil Məmmədov, Ziya Bünyadov, Mehdi Hüseynzadə kimi azərbaycanlılar savaşın müxtəlif cəbhələrində böyük şücaətlər göstərdilər. Xüsusilə “Mixaylo” ləqəbli Mehdi Hüseynzadə Avropada faşistlərə qarşı həyata keçirdiyi partizan əməliyyatları ilə əfsanəyə çevrildi.
Bu müharibə Azərbaycan ədəbiyyatına, musiqisinə, kinosuna da təsirsiz ötüşmədi. Səməd Vurğunun şeirləri, Üzeyir Hacıbəylinin əsərləri, döyüş ruhlu publisistika xalqın mənəvi müqavimətini gücləndirirdi. O illərdə söz ən gərəkli silaha çevrilmişdi.
Bu gün 9 Maya münasibət dünyada birmənalı deyil. Sovet keçmişi ilə bağlı fərqli baxışlar var, siyasi münasibətlər dəyişib, yeni geosiyasi reallıqlar yaranıb. Amma Azərbaycanın İkinci Dünya müharibəsindəki rolunu inkar etmək mümkün deyil. Bu, ideoloji məsələ yox, tarixi faktdır.
Azərbaycan faşizmə qarşı mübarizədə həm qan verdi, həm neft verdi, həm də gələcəyini riskə atdı.
Bəlkə də bu gün ən vacib məsələ həmin qələbənin siyasi şüar yox, tarixi yaddaş kimi qorunmasıdır. Çünki müharibələr yalnız silahla başlamır. Onlar nifrətlə, irqçiliklə, işğalçılıq düşüncəsi ilə alovlanır. Faşizm üzərində qələbənin əsas dərsi də məhz budur.
9 May yalnız keçmişin başa çatmış xatirəsi deyil. Bu, bir tarixdir. Bu tarixsə bizə xatırladır ki, bəzən bir xalqın taleyi cəbhədə yox, onun iradəsində həll olunur.