BAKI, 5 may. TELEQRAF
Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyev Teleqraf-ın suallarını cavablandırıb.
Onunla müsahibəni tıədqim edirik:
- Eldar müəllim, Ukrayna Prezidentinin Azərbaycana səfəri baş tutdu. Bu səfəri Azərbaycanla Ukrayna arasında münasibətlərin inkişaf tendensiyasında necə xarakterizə etmək olar?
- Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycan Respublikasına səfəri iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi baxımından mühüm siyasi hadisə kimi qiymətləndirilir. Səfər, Azərbaycan ilə Ukrayna arasında mövcud olan dostluq əlaqələrinin dərinləşdirilməsi, qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığın genişləndirilməsi və regional əməkdaşlıq perspektivlərinin müzakirəsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında keçirilən yüksək səviyyəli görüşlər əlaqələrin daha da dərinləşməsindən xəbər verir. Bu görüşlərdə tərəflər beynəlxalq hüququn fundamental prinsiplərinə – dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığına qarşılıqlı hörmətin vacibliyini xüsusi vurğulanıb. Bu kontekstdə həm Azərbaycan, həm də Ukrayna ilə bağlı olan çağırışlar müzakirə olunub, qarşılıqlı siyasi dəstəyin davam etdirilməsinin əhəmiyyəti qeyd edilib. Regional təhlükəsizlik məsələləri, enerji marşrutlarının şaxələndirilməsi və nəqliyyat dəhlizlərinin inkişafı kimi mövzular da gündəliyin əsas hissəsini təşkil edib.
Eyni zamanda iqtisadi əməkdaşlıq sahəsində tərəflər mövcud potensialın daha səmərəli istifadəsi üçün konkret addımların atılmasının vacibliyi önə çəkilib. Ticarət dövriyyəsinin artırılması, gömrük prosedurlarının sadələşdirilməsi, qarşılıqlı investisiyaların təşviqi və biznes mühitinin yaxşılaşdırılması istiqamətində əldə edilən razılaşmalar məhz bu məqsədlərə xidmət edir.
Xüsusilə sənaye, kənd təsərrüfatı, informasiya texnologiyaları və rəqəmsal iqtisadiyyat sahələrində birgə layihələrin həyata keçirilməsi perspektivləri da səfər çərçivəsində gündəlikdə olub.
Ukrayna Prezidentinin səfər çərçivəsində həmçinin hüquqi baza və müqavilə münasibətlərinin möhkəmləndirilməsi məqsədilə bir sıra mühüm sənədlər imzalanıb ki, bu da qarşıdakı dövr ərazində tərəflər arasında əməkdaşlığın vacib istiqamətləri üzrə genişlənməsi üçün mühüm əsaslar formalaşdırmış olur. Sözsüz ki, humanitar sahədə əməkdaşlığın da Ukrayna Prezidentinin səfərinin vacib komponentlərindən biri olub. Təhsil, elm, mədəniyyət və turizm sahələrində əlaqələrin genişləndirilməsi, tələbə mübadilə proqramlarının artırılması və birgə elmi layihələrin həyata keçirilməsi istiqamətində razılıqlar əldə olunub. Bu, xalqlar arasında qarşılıqlı anlaşmanın və dostluğun daha da möhkəmlənməsinə xidmət edir.
Dövlət başçıları mətbuata birgə bəyanatlarında da əldə olunan razılaşmaların əhəmiyyəti bir daha önə çəkilib. Gələcəkdə əməkdaşlığın daha da genişləndirilməsi üçün siyasi iradənin mövcud olduğunu bildirilib.
- Bu günlərdə Çex Respublikasının Baş nazirinin də ölkəmizə səfəri baş tutdu. Bu səfərin əhəmiyyətini necə dəyərləndirirsiniz?
- Çex Respublikasının Baş naziri Andrey Babişin Azərbaycana səfəri ikitərəfli münasibətlərin inkişafında mühüm mərhələ kimi dəyərləndirilir və siyasi, iqtisadi, humanitar sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Prezidenti İlham Əliyevlə Çex Respublikasının Baş nazir Andrey Babiş arasında keçirilən görüşlərdə də ikitərəfli münasibətlər geniş şəkildə müzakirə edilib. Bu gün Azərbaycan ilə Çex Respublikası arasında mövcud dostluq və tərəfdaşlıq münasibətləri yüksək səviyyədədir. Liderlərin görüşündə də bu əlaqələrin qarşılıqlı hörmət və etimada əsaslandığı xüsusi ilə diqqətə çatdırılıb. Tərəflər beynəlxalq və regional məsələlər üzrə də fikir mübadiləsi apararaq, çoxtərəfli platformalarda əməkdaşlığın genişləndirilməsinin vacibliyini bildiriblər.
Danışıqlarda iqtisadi-ticarət əməkdaşlığı əsas istiqamətlərdən biri kimi ön plana çıxıb. Qeyd olunmuşdur ki, son illərdə iki ölkə arasında ticarət dövriyyəsində artım müşahidə olunsa da, mövcud potensial tam şəkildə reallaşdırılmayıb. Bu baxımdan sənaye, kənd təsərrüfatı, maşınqayırma, informasiya texnologiyaları və logistika sahələrində əməkdaşlığın genişləndirilməsi üçün konkret addımların atılmasının zəruriliyi vurğulanıb.
Enerji sahəsində əməkdaşlıq müzakirələrin əsas mövzularından biri olub. Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan etibarlı tərəfdaş kimi qiymətləndirilib, xüsusilə təbii qaz təchizatı və enerji infrastruktur layihələri çərçivəsində əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilib. Bununla yanaşı, bərpa olunan enerji mənbələri, “yaşıl enerji” texnologiyaları və enerji səmərəliliyi sahələrində təcrübə mübadiləsinin aparılması məsələləri də diqqət mərkəzində olub. Səfər çərçivəsində keçirilən biznes forumu xüsusi əhəmiyyət kəsb edib. Hər iki ölkənin iş adamlarının iştirakı ilə baş tutan tədbirdə investisiya imkanları, birgə müəssisələrin yaradılması və yeni layihələrin həyata keçirilməsi məsələləri geniş müzakirə olunub. Çex şirkətlərinin Azərbaycanın sənaye parklarında və azad iqtisadi zonalarında fəaliyyəti üçün mövcud imkanlar təqdim edilmiş, eyni zamanda Azərbaycan investorlarının Çex bazarına çıxışı üçün əlverişli şəraitin yaradılması məsələləri gündəmə gətirilib.
Nəqliyyat və logistika sahəsində əməkdaşlıq da mühüm istiqamət kimi qeyd olunub. Azərbaycanın yerləşdiyi əlverişli coğrafi mövqe və regionda həyata keçirilən iri infrastruktur layihələri, o cümlədən beynəlxalq nəqliyyat dəhlizləri çərçivəsində Çex Respublikasının iştirakı perspektivləri müzakirə edilib. Bu xüsusda yük daşımalarının həcminin artırılması və tranzit imkanlarının genişləndirilməsi məsələləri diqqətə çatdırılıb.
Humanitar sahədə əməkdaşlıq da gündəlikdə geniş yer alıb. Təhsil sahəsində tələbə və müəllim mübadiləsi proqramlarının genişləndirilməsi, birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi, mədəniyyət və turizm sahələrində əməkdaşlığın gücləndirilməsi ilə bağlı razılıqlar əldə olunub. Xalqlar arasında əlaqələrin inkişaf etdirilməsi və qarşılıqlı mədəniyyətlərin tanıdılması məqsədilə birgə tədbirlərin təşkili xüsusi vurğulanıb.
Ümumilikdə, Baş nazir Andrey Babişin Azərbaycana rəsmi səfəri iki ölkə arasında münasibətlərində yeni mərhələnin başlanğıcı kimi çıxış edir və uzunmüddətli strateji əməkdaşlıq üçün geniş imkanlar açır.
- Eldar müəllim, bu yaxınlarda Avropa Parlamenti tərəfindən ölkəmizə qarşı növbəti qərəzli qətnamə qəbul edilib. Davamlı olaraq Azərbaycanı hədəf alan bu cür yanaşmaların ortaya çıxması hansı amillərlə bağlıdır?
- Avropa Parlamenti tərəfindən aprelin 30-da qəbul edilmiş qətnamədə ölkəmizə qarşı yer almış əsassız və qərəzli müddəalar qəti şəkildə pislənilir. Bu qətnamədəki müddəalarda reallıqlar təhrif olunur. Eyni zamanda bu qərəzli yanaşmada obyektivlik prinsiplərinə, dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət öhdəliklərinə zidd məqamlar yer alıb.
Avropa Parlamentinin bu cür yanaşma sərgiləməsi regionda normallaşma prosesinə, eləcə də Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin perspektivlərinə mənfi təsir göstərir:
Həmin qərəzlı qətnamədə Qarabağ bölgəsinə erməni sakinlərin geri qayıdışı ilə bağlı irəli sürülən iddialar tamamilə əsassızdır. Bu eyni zamanda Azərbaycanın daxili işlərinə müdaxilə cəhdidir.
2023-cü ildə Azərbaycan Konstitusiyasına uyğun olaraq təqdim edilmiş reinteqrasiya planına baxmayaraq, erməni sakinlərin regionu könüllü əsasda tərk edib. Belə bir reallıqda bunun əksini iddia edən bəyanatların ortaya atılması kökündən yanlışdır.
Həmçinin “müharibə əsirləri” kimi təqdim edilən erməni əsilli şəxslərin azad edilməsi ilə bağlı çağırışlar da hüquqi baxımdan qəbuledilməzdir
Azərbaycan tərəfi humanist yanaşma nümayiş etdirərək bir çox məhbusları azad edib. Bu da öz növbəsində Ermənistanla etimad quruculuğu istiqamətində atılan addım kimi xarakterizə olunur. Amma barələrində məhkəmə hökmü çıxarılmış şəxslərin isə terrorçuluq, təxribat və hərbi cinayətlər daxil olmaqla bir sıra ağır cinayətlər törətmiş şəxslər olduğu hər kəsə bəllidir.
Sözsüz ki, “mədəni və dini irsin məhv edilməsi” ilə bağlı iddialar da tamamilə əsassızdır. Reallıqda isə Azərbaycan əraziləri Ermənistan tərəfindən 30 ilə yaxın işğalda saxlanıldığı dövrdə xalqımızın min illiklər boyu qoruyub saxladığı mədəni və dini irsin genişmiqyaslı şəkildə dağıdılması və təhqir olunması faktları baş verib. Amma nədənsə, bu faktlar Avropa institutları tərəfindən diqqəti cəlb etməyib. Bu isə açıq şəkildə ənənəvi olaraq ayrı seçkiliyin və ikili stdandartların bariz nümunəsidir.
Bütün bunların fonunda Avropa ilə Azərbaycan arasında münasibətlərin, eləcə də regionda sülh və normallaşma prosesinə zərər vuran bu kimi addımların qarşısı qətiyyətlə alınmalıdır.
Azərbaycan bu gün Cənubi Qafqaz regionunda söz sahibi ölkə kimi bölgədə sülhün və təhlükəsizliyin əsas qarantıdır. Bunun fonunda ölkəmiz regional əməkdaşlıq, kommunikasiya xəttlərinin bərpası fonunda ortaya qoyduğu mövqe qarşılıqlı maraqlara cidmət edən əməkdaşlığın genişlənməsində xidmət edir.