BAKI, 10 fevral. TELEQRAF
Azərbaycan və İran arasında iqtisadi əməkdaşlıq iqtisadiyyatın bütün sahələrini əhatə edərək strateji xarakter alıb.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Bakıda İran İslam İnqilabının Qələbəsi Günü münasibətilə keçirilən tədbirdə bildirib.
Ş.Mustafayev deyib ki, yaxın günlərdə Bakıda iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının növbəti iclası keçiriləcək:
“Bu görüş nəqliyyat, enerji və infrastruktur sahəsindəki layihələrin icrasına mühüm töhfə verəcək”.
Baş nazirin müavini hazırda icra olunan strateji layihələr sırasında Şərqi Zəngəzuru Naxçıvanla birləşdirəcək Ağbənd-Kəlalə və Ordubad-Siyahrud körpülərini, həmçinin İran Astarasında inşası davam edən quru yük terminalını xüsusi qeyd edib.
Bundan əlavə, energetika sahəsində "Xudafərin", "Qız Qalası" və "Ordubad-Marazad" SES layihələrinin "yaşıl enerji"nin inkişafı üçün yeni imkanlar açdığı vurğulanıb.
Ş.Mustafayev əlavə edib ki, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin funksionallığının artırılması məqsədilə rəqəmsal həllərin tətbiqi və gömrük koordinasiyasının gücləndirilməsi istiqamətində praktiki addımlar atılmaqdadır.