BAKI, 17 yanvar. TELEQRAF
Milli Məclisin deputatı, siyasi şərhçi Rasim Musabəyov Teleqraf-ın suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Rasim müəllim, Zəngəzur dəhlizi (Tramp marşrutu) ilə bağlı ABŞ ilə Ermənistan arasında əldə edilən razılaşmanı indiki halda sülh və etimad mühitinin gücləndirilməsi üçün atılan adım kimi dəyərləndirmək olarmı?
- Ermənistanın Baş naziri Nikol Paşinyan açıq şəkildə bəyan etdi ki, Azərbaycandan Naxçıvana maneəsiz gediş-gəlişi təmin etmək üçün öhdəlik götürüb. Qalan məsələlərin isə həlli texniki amillərlə bağlıdır.

- İndiki razılaşma Azərbaycan üçün nə dərəcədə qaneedicidir?
- Azərbaycan rəsmi şəkildə bunu müsbət qiymətləndirib. Bu razılaşma praktiki işə keçmək üçün əsas olmalıdır. Layihənin maliyyələşməsi, orada konkret hansı şirkətin işləri görəcəyi ilə bağlı meyarlar açıqlanıb. Çünki bu mövzu ətrafında nə qədər lazımdır müzakirə aparmaq olar. Amma əsas odur ki, yerdə konkret iş görülsün. Nəticədə kommunikasiya xətti açılsın, avtomobil və dəmir yolunun tikintisinə başlanılsın.
- Bununla bağlı Ermənistanın öhdəliyi nədən ibarətdir?
- Söhbət azərbaycanlıların Zəngəzur dəhlizindən (Tramp marşrutu) maneəsiz keçidinə dair Ermənistanın üzərinə götürdüyü öhdəlikdən gedir. Qalan məsələlər isə zamanla, praktiki olaraq öz həllini tapacaq.

- Paşinyan davamlı olaraq Qazax istiqamətində vaxtı ilə mövcud olmuş Azərbaycan-Ermənistan dəmir yolu xəttinin bərpasını gündəmə gətirir. Erməni tərəfi bu yolun açılması ilə nəyə nail olmaq istəyir?
- Faktiki olaraq, bu gün Azərbaycandan və onun üzərindən Ermənistana göndərilən məhsullar Gürcüstan vasitəsi ilə təmin olunur. Erməni tərəfi isə məhz bilavasitə bu kommunikasiyanın təmin olunmasını istəyir. Misal üçün, Azərbaycandan göndərilən yanacağın Gürcüstandan keçərək deyil, birbaşa Ermənistana göndərilə bilər.
- Zəngəzur dəhlizi işə düşəndən sonra buna ehtiyac qalacaqmı?
- Sözsüz ki, dəhliz açıldıqdan sonra Ermənistana birbaşa yüklərin daşınması mümkün olacaq. Amma bu kommunikasiya xətti də Ermənistan üçün vacibdir.
- Belə olan halda Qazax istiqamətində olan dəmir yolu xəttinin qısa zamanda bərpası mümkündürmü?
- Bunun üçün böyük maliyyə tələb olunur. Ermənistan ərazisində vaxtilə mövcud olmuş həmin dəmir yolu şəbəkəsi demək olar ki, tam dağıdılıb. Azərbaycan tərəfində isə Qazax rayonu ərazisindən Ermənistan sərhədinə kimi 2-3 km-lik bir dəmir yolu xətti mövcud olub. Ermənistan ərazisində isə bu xətt 120 km-ə qədərdir.

- Bu yolun bərpası üçün nə lazımdır?
- Yolun bərpası üçün 5 yüz milyon dollar tələb edilir. Paşinyan da istəyir ki, bu yolun təmir olunmasını Rusiyanın üzərinə atsın. Çünki Ermənistanın dəmir yolu şəbəkəsini Rusiya idarə edir. Ruslar isə deyir ki, “zəhmət çəkib bu yolun çəkilməsinin iqtisadi əsaslarını təmin edin. Biz gəlib orada 5 yüz milyon dollar xərc sərf edək, amma orada cüzi daşımalar olacaqsa, xərclənən vəsaitin geri qaytarılması yüz ilə qədər uzana bilər”. Ona görə də Rusiya tərəfi bundan boyun qaçırır.
- Rəsmi İrəvanın bu yolun açılması ilə bağlı alternativ imkanları varmı?
- Ermənistanın bunu həyata keçirməsi üçün digər addımların atılması da istisna edilmir. Hansısa bir mərhələdə Ermənistan özünə məxsus dəmir yolu şəbəkəsinin Rusiyaya verilməsi ilə bağlı müqaviləni də pozmağa məcbur olacaq. Əgər, Avropa İttifaqı Ermənistana bu məsələdə maliyyə dəstəyi versə, Paşinyan yaydakı parlament seçkilərindən sonra bu məsələni gündəliyə gətirəcək.