BAKI, 6 oktyabr. TELEQRAF

İstiqlalçı deputat, iqtisadçı alim Vahid Əhmədov Teleqraf-ın suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Vahid müəllim, son zamanlar sülh prosesi ilə yanaşı, Zəngəzurdan keçəcək Tramp marşrutu ətrafında müzakirələr bir qədər artıb. Dəhlizin hətta sülh razılaşmasından öncə açılması da proqnozlaşdırılır. Regional kommunikasiya xəttləri ətrafında artan maraq nə ilə bağlıdır?

- 8 avqustda Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında sülh və regional kommunikasiya xəttlərinin açılması ilə bağlı əldə edilən razılaşmalar müstəvisində artıq tərəflər arasında müzakirələr aparılır. Bu mənada Zəngəzurdan keçəcək Tramp marşrutunun (“Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) açılması ilə bağlı məsələlər artıq aktuallaşıb. Ermənistan tərəfi son zamanlar bu mövzunu daha çox müzakirə etməyə başlayıb. Kopenhagendə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri arasında da bu mövzuları əhatə edən müzakirələr aparıldı. Çünki Zəngəzurdan keçəcək dəhlizlə yanaşı, Türkiyə-Ermənistan sərhədlərinin açılması da zərurətə çevrilib. Sözsüz ki, əsas amil Zəngəzur dəhlizinin açılması ilə bağlıdır. Bu Azərbaycanla yanaşı Ermənistan üçün də faydalıdır. ABŞ-nin dəstəyi ilə bölgədə yeni bir kommunikasiya xətti qurulur. Bununla da faktiki olaraq, Amerika yavaş-yavaş bölgəyə gəlir. Uzun illər bu bölgədə mövcud olmuş Rusiya isə bölgədən sıxışdırılıb çıxarılır.

- İlkin razılaşdırılmış sülh sazişinə hansısa əlavələrin olması mümkündürmü?

- Zəngəzurdan keçəcək dəhlizin açılması prosesinin çox da uzun çəkməyəcəyi hər kəsə bəllidir. Azərbaycanla Ermənistan arasında sülh sazişinin də yaxın dövrdə imzalanması mümkündür. Artıq ilkin addım kimi razılaşdırılmış sülh sənədi xarici işlər nazirləri tərəfindən paraflanıb, yəni, burada elə də bir ciddi dəyişikliklər olmayacaq. Ola bilsin ki, sülh prosesi kommunikasiya xəttlərinin açılması ilə paralel gedir. Amma dəhlizin açılması sözsüz ki, Azərbaycan üçün önəmlidir. Əslində orada elə də böyük işlər yoxdur. Artıq Amerika bu xəttin çəkilişi üçün maliyyə məsələsini həll edib.

- Beynəlxalq tərəfdaşların bölgədə açılacaq kommunikasiya xəttində iştirakı ilə bağlı proqnozlar nədən ibarətidr?

- Zəngəzurdan keçəcək dəhlizin açılması ilə bura beynəlxalq logistika mərkəzinə çevriləcək. Eyni zamanda bu kifayət qədər gəlir gətirən bir sahədir. Yekun sülh sazişinin imzalanması üçün yeganə maneə olan Ermənistan konstitusiyandakı Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəalar aradan qaldırılmalıdır. Bunun üçün Ermənistan tərəfi konstitusiyasına müvafiq dəyişikliklər etməlidir. Təbii ki, Paşinyanın bu prosesi elə də asanlıqla həyata keçirməsi mümkün deyil. Rusiyameyilli qüvvələrin prosesə təzyiq imkanları böyükdür. Eyni zamanda Rusiya Ermənistanda çevriliş etmək istəyir. Amma bu, o qədər də inandırıcı görünmür.