BAKI, 13 yanvar. TELEQRAF

Yaxın Şərq üzrə mütəxəssis, analitik Vüqar Zifəroğlu Yaxın Şərq, İran və region ətrafındakı son gəlişmələr barədə Teleqraf-ın suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Vüqar bəy, Yaxın Şərqdə- Suriya, Yəmən və İranın timsalında nə baş verir?

- Hazırda Yaxın Şərq dərin və çoxqatlı transformasiya mərhələsindən keçir. Suriyada, Yəmən və İranda baş verən proseslər ayrı-ayrı hadisələr kimi görünsə də, mahiyyət etibarilə regionda mövcud olan köhnə siyasi-təhlükəsizlik arxitekturasının dağılması və yeni güc balansının formalaşması ilə bağlıdır.

Suriyada uzunmüddətli vətəndaş müharibəsindən sonra rejim dəyişikliyi baş versə də, ölkə hələ də tam sabitlik mərhələsinə daxil olmayıb. Keçid hökumətinin mövcudluğu, beynəlxalq aktorların təsiri, silahlı qrupların tam neytrallaşdırılmaması və etnik-sektarian parçalanma Suriyanı post-münaqişə ölkəsindən çox, hələ də risk zonası olaraq saxlayır. Bu vəziyyət göstərir ki, Suriyada müharibə hərbi mərhələdən siyasi və təhlükəsizlik riskləri mərhələsinə keçib.

Yəməndə isə münaqişə daxili vətəndaş qarşıdurmasından daha çox regional güclərin, xüsusilə Səudiyyə Ərəbistanı və BƏƏ-nin maraqlarının toqquşduğu platformaya çevrilib. Separatçı qüvvələrin geri çəkilməsi və koalisiya daxilindəki ziddiyyətlər göstərir ki, Yəmən məsələsi regionda İran təsirinin zəiflədilməsi fonunda yenidən formatlanır. Bununla belə, ölkə hələ uzun müddət qeyri-sabitlik mənbəyi olaraq qalacaq.

- İrandakı hadisələrin nəticələri ilə bağlı proqnoz nədən ibarətdir?

- İranda baş verən hadisələr isə Yaxın Şərq üçün əsas strateji risk faktoruna çevrilib. Genişmiqyaslı etirazlar artıq təkcə sosial-iqtisadi narazılıq deyil, siyasi legitimlik böhranı səviyyəsinə yüksəlib. Ən mühüm məqam ondan ibarətdir ki, etirazlar təkcə cəmiyyətlə hakimiyyət arasında deyil, eyni zamanda İran siyasi elitasının daxilində də parçalanma əlamətlərini üzə çıxarır. Bu, İran üçün sistem böhranının dərinləşdiyini göstərir.

İrandakı proseslərin nəticələri ilə bağlı bir neçə əsas ssenari mövcuddur. Qısa müddətdə rejimin tam süqutu ehtimalı aşağı olsa da, hakimiyyətin zəifləməsi, mərkəzdən idarəetmənin sarsılması və regiondakı təsir imkanlarının azalması real görünür. Uzunmüddətli perspektivdə isə ya məhdud siyasi islahat, ya da daha sərt repressiyalar fonunda daxili qarşıdurmanın dərinləşməsi riski qalmaqdadır. Hər iki halda İran əvvəlki kimi regional dominant aktor rolunu saxlamaq imkanlarını itirə bilər.

- Qonşu İranda baş verən hadisələrin regiona, xüsusilə Azərbaycana hansı təsirləri olacaq?

- İranda baş verən bu proseslər region, xüsusilə Azərbaycana birbaşa və dolayı təsirlər göstərir. Regional miqyasda İranın zəifləməsi Yaxın Şərqdə güc balansını dəyişir, Türkiyə, Səudiyyə Ərəbistanı və İsrail kimi aktorların manevr imkanlarını artırır. Bu isə ümumi təhlükəsizlik mühitində həm yeni risklər, həm də yeni imkanlar yaradır.

Azərbaycan üçün isə vəziyyət həm həssas, həm də strateji xarakter daşıyır. Bir tərəfdən, İran daxilində qeyri-sabitlik sərhəd təhlükəsizliyi, etnik faktor və informasiya riskləri baxımından diqqətlə izlənilməlidir. Digər tərəfdən, İranın regional təsirinin zəifləməsi Azərbaycanın geosiyasi mövqeyini gücləndirə, regional nəqliyyat-enerji layihələrində Bakının rolunu daha da artırmaq üçün imkanlar yarada bilər.

Yekun olaraq vurğulaya bilərik ki, Suriyada natamam sülh, Yəməndə regional güc mübarizəsi və İranda dərin daxili böhran Yaxın Şərqi uzunmüddətli qeyri-sabitlik zonasına çevirir.