BAKI, 5 yanvar. TELEQRAF
Milli Məclisin deputatı, siyasi şərhçi Rasim Musabəyov Teleqraf-ın suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Rasim müəllim, ötən il Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanması fonunda bu il yekun sülh sazişinin imzalanacağına dair fikirlər səslənir. Nəhayət, bu il yekun sülh sazişi imzalana bilərmi?
- Artıq sülh prosesi dönməz bir hala gəlib. Sadəcə olaraq, sülh prosesinin sürətli ola biləcəyi və yaxud ləngiyəcəyi ehtimalı var. Amma nə olur-olsun sülh qaçınılmazdır. Azı ona görə ki, bu gün bölgədə Azərbaycana qarşı çıxacaq hər hansı bir qüvvə yoxdur. Ermənistan bundan sonra belə bir cəhd etmək iqtidarında deyil. Rusiyanın başı isə Ukrayna müharibəsinə qarışıb. İndiki halda Rusiya-Ukrayna müharibəsi dayandırılsa belə, onlar arasında münasibətlərin normal hala salınması mümkün deyil. Ukrayna Avropanın pulu ilə Rusiyaya qarşı 800 minlik ordu saxlamaq niyyətindədir. Rusiyanın balans yaratmaq üçün qüvvələri həmin bölgədə olacaq. Bunların fonunda isə Rusiyanın bölgədəki proseslərə müdaxilə etmək imkanları olmayacaq. İranın isə başı özünə və İsraillə münaqişəyə qarışıb. Ona görə də Azərbaycanın hazırkı imkanları, Ordusunun gücü, düzgün diplomatiya və müttəfiqlərinin olması fonunda sülhə olan risklər minimumdur. Amma bu, o demək deyil ki, Azərbaycan təhlükəsizliklə bağlı səylərini aşağı salmalıdır. Çünki sülhü təmin edən amil Azərbaycanın atdığı addımlardır. Ermənistanda isə Baş nazir Nikol Paşinyan isə yaydakı seçkilərə sülhü təmin edəcək hökumət kimi gedir.
- Rəsmi Bakının sülh müstəvisində atdığı addımların prosesə təsirini necə dəyərləndirmək olar?
- Sözsüz ki, bu məsələyə təkcə Azərbaycan-Ermənistan kontekstində baxmaq olmaz. Bu daha geniş kontekstdə olan prosesdir. Azərbaycan ərazisindən Ermənistana edilən daşımalar əslində test xarakteri daşıyır. Bu eyni zamanda bir nümayiş idi. Avropaya və digər qüvvələrə bununla açıq bir mesaj verildi. ABŞ hazırda Azərbaycana qarşı məlum “907-ci düzəliş"in aradan qaldırılması istiqamətində addımlar atır. Azərbaycanla ABŞ arasında hazırda strateji tərəfdaşlıq müqaviləsi üzərində iş gedir. Belə olan halda Azərbaycanın Ermənistanla yekun sülh sazişi imzalanmadan mühüm tranzit xətlərini açması olduqca önəmlidir. Bununla da faktiki olaraq, Ermənistanın Rusiyadan və İrandan birtərəfli asılılığı aşağı salınıb.
- Yekun sülhlə bağlı Azərbaycanın ilkin tələbləri nədən ibarətdir?
- Təbii ki, sülh olmadan Azərbaycan enerji təhlükəsizliyi məsələsində qonşu Gürcüstanla olduğu kimi Ermənistanla da analoji addımı atmayacaq. Bakı ilə İrəvan arasında yekun sülh sazişi imzalanmadan geniş ticarət əlaqələrinin qurulması mümkün deyil. Ermənistanın sülhlə bağlı öhdəlikləri var. Bu ölkənin konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən bütün müddəalar aradan qaldırılmalıdır. Eyni zamanda Zəngəzur dəhlizinin açılması istiqamətində konkret addımlar atılmalıdır. Hələlik, isə bu istiqamətində Ermənistan tərəfindən verilən vədlər var. Qarşı tərəf nəhayət real addımlar atacağı təqdirdə digər münasibətlərin də formalaşması mümkün olacaq.