BAKI, 10 dekabr. TELEQRAF
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqyaslı bərpa və quruculuq işləri davam edir. Məktəblər, xəstəxanalar, sənaye müəssisələri, elektrik stansiyaları, su anbarları və yaşayış evləri tikilir. Bölgənin ümumi planlaşdırılması artıq başa çatıb. Artıq 60 mindən çox insan doğma yurdlarına qayıdaraq burada yaşayır, çalışır və təhsil alır. Prezidentin rəhbərliyi ilə gedən proseslər həm sosial, həm də iqtisadi baxımdan Qarabağ və Şərqi Zəngəzurun ölkənin gələcək inkişafında yeni bir dayaq nöqtəsinə çevriləcəyini göstərir. Hazırkı mərhələdə bu bölgələrin iqtisadi potensialı və investisiya imkanları xüsusilə diqqətdədir.

"Dünyada çox az dövlətlər var ki, müharibə başa çatan kimi dağılmış ərazilərin bərpasına dərhal başlayır"
Teleqraf-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov bildirib ki, dünyada çox az dövlət var ki, müharibə bitən kimi xarici maliyyə dəstəyi olmadan dağıntıların bərpasına başlaya bilsin:
"Azərbaycanın müzəffər ordusunun 44 günlük Vətən müharibəsində qazandığı qələbə azad olunan ərazilərdə dərhal bərpa işlərinə başlamağa imkan verdi. 30 ildə xalqımız torpaqların işğaldan azad olunması və keçmiş məcburi köçkünlər öz doğma yurdlarına qayıtmaq arzusu ilə yaşadı. Düzdür, dövlətimiz 100-dən çox şəhərcik saldı və 300 mindən çox qaçqın və məcburi köçkün üçün yaşamağa müasir şərait yaratdı. Amma bunun onlar üçün müvəqqəti sığınacaq olduğunu hamı başa düşürdü. Bu gün keçmiş məcburi köçkünlərdə olan öz doğma yurdlarına qayıtmaq əzmi doğma torpaqlarımızın bizim üçün nə qədər əziz olduğunu bir daha təsdiq edir. Azərbaycanın müzəffər ordusu 44 günlük Vətən müharibəsi ilə torpaqlarımızda erməni işğalına son qoydu. Belə ki, qazandığımız möhtəşəm qələbə yenidənqurma və bərpa işlərinə dərhal başlanılmasına imkan yaratdı.
Dünyada çox az dövlətlər var ki, müharibə başa çatan kimi heç bir xarici maliyyə dəstəyi olmadan dağılmış ərazilərin bərpasına dərhal başlanılsın. Bəli, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılmış iqtisadi gücə malik dövlətimiz bu işin öhdəsindən də uğurla gəlməkdədir. Torpaqlarımızın işğaldan azad olunmasının 5 ili tamam oldu. Bu 5 ildə həmin ərazilərdə görülən işlərin miqyasına baxanda insan inana bilmir. Şərqi Zəngəzur və Qarabağın hər bir yanı tikilir. Yüzlərlə kilometrlərlə uzanan yolların kənarları ağır texnikalarla doludur. Yeni müasir kəndlər və şəhərlər ərsəyə gəlir".
"Növbəti mərhələdə ayrılacaq vəsait birbaşa yaşayış məntəqlərin yenidən qurulması və bərpasına yönləndiriləcək".
Azər Badamov qeyd edib ki, 2022-2026-cı illəri əhatə edən Böyük Qayıdışa dair Dövlət I Proqramı qəbul olundu və uğurla davam etdirilir:
“Cari ilin sonuna qədər işğaldan azad olunmuş Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının bərpasına 22 milyard manat vəsait ayrıldı. Gələn ilin dövlət büdcəsində də bu məqsədlər üçün 3,5 milyard manat nəzərdə tutulub. Təbii ki, dövlət büdcəsindən ayrılan hər bir manatın istiqaməti bəllidir. Bu gün deyə bilərik ki, işğaldan azad olunmuş ərazilərdə avtomobil və dəmir yolları, 3 Beynəlxalq Hava Limanı, elektrik xətlərinin yenidən qurulması, su elektrik stansiyaların bərpası, sosial infrastrukturun yaradılması başa çatmaq üzrədir.
100-dən çox yaşayış məntəqəsinin baş planları hazırlanaraq işlər davam etdirilməkdədir. Bu gün 20 minə yaxın keçmiş məcburi köçkün olmaqla 65 minə yaxın insan işğaldan azad olunmuş ərazilərdə yaşayır və çalışır. Təbii ki, Qarabağ Universitetin fəaliyyətə başlamasını xüsuslilə vurğulamaq istəyirəm. Çünki Xankəndidə ali məktəbin fəaliyyətə başlanması, həm də işğaldan azad olunmuş ərazilərə elmimizin qayıtması ilə müşayiət olunan tarixi hadisədir".

Deputat 2026-cı ilə qədər 140 min keçmiş məcburi köçkünün Qarabağ və Şərqi Zəngəzura qaytarılması nəzərdə tutulduğunu vurğulayıb: “İndiyə qədər işğaldan azad olunmuş ərazilərə ayrılan vəsaitin əsas hissəsi infrastrukturun yaradılmasına və minalardan təmizlənmə işlərinə sərf olunurdusa, indi infrastruktur demək olar ki , yenidən qurulub başa çatmaq üzrədir və növbəti mərhələdə ayrılacaq vəsait bir-başa yaşayış məntəqlərin yenidən qurulması və bərpasına yönləndiriləcəkdir.
Dövlətimiz üçün işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası prioritet olaraq qalacaqdır və növbəti mərhələdə Böyük Qaydışa dair II Dövlət Proqramı qəbul olunacaq və bütün keçmiş məcburi köçkünlər üçün layiqli müasir yaşayış təmin olunacaqdır”.

"Əsas turizm marşrutlarından biri Qarabağ və Şərqi Zəngəzurdur"
Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, azad olunan ərazilərə 25 milyarda yaxın vəsaitin yönləndirilməsi dövlətin bu istiqamətə verdiyi böyük önəmin göstəricisidir: "Nəzərə almaq lazımdır ki, biz Qarabağı yenidən qururuq. Haqlı olaraq əsas investisiya layihələrinin istiqaməti Qarabağ və Şərqi Zəngəzurdur. Bu ərazilərə davamlı olaraq vəsait yönləndirilir. Bu gün ərazilərdə yol, nəqliyyat, infrastruktur layihələri çox uğurla həyata keçirilir. Dəmir yolu xətti, avtomobil yolu, qaz, su, işıq istiqamətində addımlar atılıb.
Bunlar da bölgənin inkişafı, irəli getməsi baxımından xüsusi əhəmiyyət daşıyan məsələdir. Gələcək əsas turizm marşrutlarından biri Qarabağ və Şərqi Zəngəzurdur. Ən yüksək otel infrastrukturu yaradılıb. Son illər insanlarımız turizm və dincəlmək məqsədi ilə Qarabağa səfərlər etdiyi görünür. Bu bölgə artıq turizm marşrutuna çevrilib. Burada yol infrastrukturunun ən yüksək səviyyədə qurulması, eyni zamanda otellərin tikilməsi bu prosesə mühüm töhfə verir.

Deputat həmçinin qeyd edib ki, sənaye zonalarının yaradılması bölgənin iqtisadi dayanıqlığını artıracaq:
“Təkcə turizm sahəsi deyil, eyni zamanda işğaldan azad olunmuş ərazilərdə sənaye potensialının bərpası və inkişafı istiqamətində də mühüm addımlar atılır. Bu baxımdan, "Araz Vadisi İqtisadi Zonası" və Ağdam Sənaye Parkının yaradılması xüsusi əhəmiyyət kəsb edir. Sözügedən sənaye parklarına iri həcmdə vəsait ayrılması, burada zavod və fabriklərin qurulması, yeni istehsalat müəssisələrinin yaradılması regionun iqtisadi dirçəlişinə ciddi töhfə verir. Həmin müəssisələrin fəaliyyəti üçün zəruri infrastrukturun dövlət tərəfindən təmin olunması isə səmərəliliyi daha da artırır.
Bundan əlavə, azad edilmiş ərazilərdə beynəlxalq hava limanlarının inşası bu regionun logistik imkanlarını genişləndirir və iqtisadi potensialının güclənməsinə ciddi təsir göstərir. Bu layihələr yalnız bugünkü ehtiyacları deyil, uzunmüddətli strateji məqsədləri də hədəfləyir. Bu layihələr səmərəli Azərbaycanın gələcək inkişafına mühüm töhfə verəcək layihələrdir. Biz bunların real nəticələrini effektiv səmərəsini birmənalı olaraq növbəti illərdə görəcəyik. Dövlətimiz bu prosesə nə qədər ciddi yanaşdığını mühim əhəmiyyəat daşıyan laiyhələr həyata keçirdiyini açıq-aydın özünü göstərəcək”.