BAKI, 9 dekabr. TELEQRAF
Yaxın Şərq Universiteti Rumi Araşdırmaları Mərkəzinin və Xəzər Universitetinin nəzdində fəaliyyət göstərən Mövlana Ədəbi-Fəlsəfi Araşdırmalar İnstitutunun birgə təşkilkatçılığı ilə 3-5 dekabr tarixlərində Lefkoşada “X Beynəlxalq Rumi Konfransı” keçirilib.
“Mövlana baxış bucağından sülh və uzlaşma” devizi ilə gerçəkləşən, dünyanın 12 müxtəlif ölkəsindən tanınmış alim və tədqiqatçıların da qatıldığı konfransda Mövlananın 22-ci nəsildən olan varisi Esin xanım Çələbinin iştirakı tədbirə xüsusi rəng qatıb.
Konfransa xüsusi dəvət alan Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsinin Orta Şərq dilləri kafedrasının dosenti, filologiya elmləri üzrə fəlsəfə doktoru Əsmətxanım Məmmədova “Mövlana poeziyasında təxfif (eliziya) hadisəsinin fonetik və poetik xüsusiyyətləri” adlı məruzə ilə çıxış etmişdir.
Konfransda Mövlana Cəlaləddin Ruminin poetik dilində təxfif (eliziya) hadisəsinin fonetik mexanizmləri və onların klassik fars poeziyasının ahəng quruluşunda oynadığı rolundan söz açan şərqşünas alim təqdim etdiyi araşdırmada təxfifin yalnız tələffüzü yüngülləşdirən fonetik proses kimi deyil, əruz vəzninin tələb etdiyi ritmik-sillabik qəliblərin formalaşmasında mühüm poetik funksiyaya malik bədii vasitə kimi təzahür etdiyini dinləyicilərin diqqətinə çatdırmışdır. Təhlildə “Məsnəvi” və “Divan-i Şəms” əsərlərindən seçilmiş nümunələr əsasında təxfifin səs və məna vəhdətini təmin edən daxili ahəng mexanizmi olduğunu elmi şəkildə əsaslandırılmışdır. Nəticə etibarilə, təxfif hadisəsinin Ruminin poetik sistemində səs–məzmun vəhdətini möhkəmləndirən, formanın mənaya uyğunlaşdırılmasını təmin edən əsas poetik-fonetik prinsip kimi çıxış etdiyi xüsusi vurğulanmışdır. Məruzə konfrans iştirakçıları tərəfindən böyük maraqla qarşılanmışdır.
Sonda tədbirin yüksək səviyyədə təşkilində müstəsna xidmətləri olan Yaxın Şərq Universiteti Rumi Araşdırmalar Mərkəzinin rəhbəri fədakar alim prof. Qədir Qolkarian başda olmaqla əməyi keçən hər kəsə, xüsusi təşəkkürünü bildirən Əsmətxanım Məmmədova bu konfransın istər Mövlana Cəlaləddin Rumi bədii irsinə yeni baxış bucağından yanaşma, bu sahədə sözünü demiş alim və tədqiqatçıların mühazirələrində ötürülən dəyərli mesajlar, fikir mübadilələri, istərsə də yeni yaranan əməkdaşlıqlar baxımından qarşısına qoyduğu bütün məqsəd və vəzifələrin öhdəsindən gəldiyini dilə gətirmişdir.
Həmçinin şərqşünas alim Ə. Məmmədova konfransın yekun müzakirə və bağlanış panelində prof. Q. Qolkarianın moderatorluğu ilə prof. Nemət Yıldırım ilə birlikdə konfrans çərçivəsində dinlənilən elmi məruzələrin dəyərləndirilərək qiymətləndirilməsində də iştirak etmişdir.
Elmi sessiyalardan sonra səfər proqramı Lefkoşa Bələdiyyəsinin, Kipr Türk Ticarət Palatasının təşkil etdiyi rəsmi ziyafətlər, Girnə şəhər gəzintisi, “Fəravaz” irfani musiqi qrupunun konserti ilə davam etdirilmişdir.