BAKI, 29 yanvar. TELEQRAF

"Azərbaycan Prezidenti İlham Əliyevin Davosda “Sülh Şurasının Nizamnaməsi” (“Board of Peace Charter”) sənədini imzalaması tarixi xarakterə malik bir addım idi. Sözsüz ki, ölkəmizin bu prosesə qoşulması Azərbaycana qlobal miqyasda olan yanaşmanın açıq təzahürü kimi də yüksək qiymətləndirilir".

Bu sözləri Teleqraf-a Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla deyib.

Rektor bildirib ki, bu yanaşma Azərbaycana və onun Prezidentinə olan yüksək münasibətin göstəricisidir: “Bu cür münasibətlər Azərbaycanı dünya xalqları arasında son dərəcədə önəmli bir yerə gətirib çıxarıb. Təbii ki, bu uğurları alqışlamaq, ona sevinmək, cəmiyyət kimi buna layiq olmaq lazımdır. Xalqımızı bu cür tarixi uğurlara və dünya miqyasında verilən önəmə görə təbrik etmək olar”.

Akademik hesab edir ki, bu Azərbaycan dövlətinin sülh prosesinə verdiyi dəyəri özündə ehtiva edir: “Bundan sonra sərgilənən mövqeyə uyğun və adekvat nəticələrin əldə edilməsinə imkan yaranacaq. Ölkəmiz qlobal sülh prosesində ərazi bütövlüyünü və suverenliyini tam təmin etməsi fonunda iştirakı edir. Azərbaycan bundan öncəki dövrlərdə də hər zaman sülh tərəfdarı olduğunu birmənalı şəkildə bəyan edib. Dünya xalqları da bir daha əyani şəkildə görmüş oldu ki, bu istiqamətdə Azərbaycanın mövqeyi tam aydındır.

Azərbaycan dövləti bütün məsələlərdə olduğu kimi qlobal miqyasda sülh təşəbbüslərinin iştirakı istiqamətində də üzərinə düşən vəzifələrin öhdəsindən ləyaqətlə gələcəkdir”.