BAKI, 25 noyabr. TELEQRAF
Venesuela prezidenti Nikolas Maduro Rusiya prezidenti Vladimir Putinin doğum günü münasibətilə göndərdiyi təbrik məktubuna görə təşəkkür edib və Moskva ilə hərtərəfli əməkdaşlığı dərinləşdirməyə hazır olduğunu bəyan edib.
Teleqraf xəbər verir ki, bu barədə o, "Venezolana de Televisión" kanalında danışıb.
“Prezident Putinin orijinal təbrik məktubu məndə saxlanılır və məni çox təsirləndirdi, çünki onu yaxşı tanıyıram”, - deyə Maduro bildirib.
Venesuela lideri xatırladıb ki, Vladimir Putinlə ilk dəfə xarici işlər naziri olduğu dövrdə tanış olub. 2013-cü ildə prezident seçildikdən sonra isə Rusiya lideri ilə Moskvada və digər ölkələrdə təxminən on dəfə görüşdüyünü deyib. O, xüsusilə 2025-ci ilin mayında faşizm üzərində qələbənin 80 illiyi tədbirləri çərçivəsində baş tutan “uzun və məzmunlu söhbətləri” qeyd edib. Həmin görüşlər zamanı iki ölkə arasında münasibətlərin genişləndirilməsi ilə bağlı bir sıra yeni sazişlər imzalanmışdı.
Maduro bildirib ki, yaxın günlərdə Rusiyada keçiriləcək Yüksək Səviyyəli Rusiya-Venesuela Hökumətlərarası Komissiyasının iclasına hazırlıqlar gedir. Onun sözlərinə görə, iclasdan sonra neft sənayesi, maliyyə, müdafiə, mədəniyyət, təhsil, elm və texnologiya sahələrini əhatə edən yeni əməkdaşlıq planları və sazişlər hazırlanacaq.