BAKI, 8 noyabr. TELEQRAF
Prezident İlham Əliyev Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyində çıxışında olduqca mühüm məqamlara toxundu. Azərbaycan alimlərinin bundan sonra da ölkəmizin uğurlu inkişafına öz töhfələrini verəcəyi vurğulandı. AMEA ötən 80 il ərzində böyük bir yol keçib və ölkəmizdə elmin inkişafında aparıcı rol oynayıb. Məhz ötən əsrin 70-ci illərində Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Akademiyanın fəaliyyəti təkmilləşdirilib. Ulu Öndərin təşəbbüsü ilə keçən əsrin 70-ci illərindən başlayaraq yüz minlərlə Azərbaycan gənci o vaxt Sovet İttifaqının aparıcı ali məktəblərinə göndərilib. Bununla da ölkəmizdə intellektual potensial daha da güclənib. Ölkəmiz ikinci dəfə öz müstəqilliyini bərpa etdikdən sonra da ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan bu strategiya uğurla davam etdirilib və gənclərimizin dünyanın ən qabaqcıl ali məktəblərində müasir elmi biliklərə yiyələnərək ölkəmizin ictimai-siyasi, sosial və idarəetmədə təmsilçiliyi təmin olunub.
Bu sözləri Teleqraf-a Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyev deyib.
O qeyd edib ki, Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyası(AMEA)-nın 80 illik yubileyindəki çıxışı ölkəmizdə elmin hazırkı vəziyyəti və gələcək istiqamətləri baxımından mühüm əhəmiyyətə malikdir: “Ölkə başçısının da vurğuladığı kimi gələcəyin inkişafı birbaşa elmin səviyyəsi ilə bağlıdır. Çünki elm artıq yalnız nəzəri sahə deyil və iqtisadiyyat, texnologiya, milli təhlükəsizlik kimi sahələrlə birbaşa bağlıdır. AMEA bu mənada 80 illik keçdiyi yolda müxtəlif ictimai-siyasi quruluşlar dəyişilsə də, ölkəmizdə elmin inkişafını daima diqqətdə saxlayıb. Xüsusilə ulu öndər Heydər Əliyevin dövründə Akademiya ilə yanaşı ölkədə elmin inkişafına dövlət səviyyəsində hər zaman qayğı göstərilib. Təbii ki, son illər elmin inkişafına xidmət edən və bu sahənin maddi-texniki bazasının gücləndirilməsi üçün də zəruri işlər görülüb. İnstitut binalarının təmiri, kitabxana və ensiklopediya üçün yeni binanın inşası ilə yanaşı ölkəmizdə elmin inkişafına ayrılan vəsaitlər də ilbəil artırılıb.
Elm yalnız yaradıcılıq sahəsi deyil, iqtisadiyyat və texnologiya üçün mühüm dayaqdır. Azərbaycanda da elmə hər zaman böyük maraq olub. Ölkədə savadlılıq səviyyəsinin artırılması, bilikli gənc nəslin formalaşması üçün dövlət tərəfindən mühüm proqramlar icra olunmaqdadır. Bu xüsusda elmə ayrılan vəsaitin artması önəmlidir. Bununla yanaşı elmi institutlar, ali məktəblər və sənaye müəssisələri arasında məkdaşlıq gücləndirilməlidir ki, elmin nəticələri real iqtisadi fayda versin. Gənc tədqiqatçılar üçün stimulverici proqramlar tərtib edilir, paytaxt Bakı ilə yanaşı ölkəmizin regionlarında da beynəlxalq standartlara uyğun elmi-istehsalat sahələrinin qurulması və kadrlar hazırlanması əsas prioritet istiqamətlərdən hesab edilir. Bütün bunlar onu deməyə əsas verir ki, Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubileyindəki çıxışı, Azərbaycanda elmin yalnız akademik müstəvidə olmadığını, dövlətin strateji inkişafında mühüm komponentə çevrildiyinin bariz nümunəsidir. Bu mənada ölkə başçısının çıxışında səsləndirilən fikirlər mühüm yol xəritəsi hesab edilir.

Prezident İlham Əliyevin də qeyd etdiyi kimi Qarabağ və Şərqi Zəngəzurla yanaşı Azərbaycanın digər bölgələrinin o cümlədən Qərbi Azərbaycandakı toponimlərlin qorunması ilə yanaşı Qərbi azərbaycanlıların da öz ata-baba ocaqlarına sülh şəraitində geri dönüşü aktual məsələlərdəndir. Həmçinin Azərbaycanın dilinin saflığının qorunması istiqamətində ölkə başçısının vurğuladığı məqamlar mühüm əhəmiyyət kəsb edir”.
Professor eyni zamanda bu günlər ölkəmizin tarixində qürurverici məqamların ardıcıllığına diqqət çəkib:
“5 il əvvəl – 2020-ci il noyabrın 8-də müzəffər Ordumuz Şuşa şəhərini işğaldan azad edərək şanlı tarix yazdı. Qəhrəman əsgər və zabitlərimiz yolsuzluq şəraitində uzun məsafə qət edərək, sıldırım qayalardan və dərin dərələrdən keçərək düşməni Qarabağın döyünən qəlbi olan Şuşadan qovub çıxardı. Xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən bu möhtəşəm qələbə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə əbədiləşdirildi. Şuşa şəhərinin işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq noyabrın 8-i Zəfər Günü elan edildi.
2021-ci il yanvarın 14-də isə dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərində üçrəngli bayrağımızı ucaltdı. Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsinin ilk günlərindən deyirdi ki, “Şuşasız bizim işimiz yarımçıq qalar”. Müharibənin davam etdiyi 44 gün ərzində rəşadətli ordumuz Şuşaya doğru dayanmadan, inamla irəlilədi. Vaxtilə xəyal kimi görünən bu arzu noyabrın 8-də reallığa çevrildi. Qəhrəman döyüşçülərimiz yolsuzluq şəraitində dağlar-qayalar aşaraq, uzun məsafə qət edərək çox çətin döyüş tapşırığını şərəflə icra etdi. Birmənalı olaraq demək olar ki, Qarabağ Zəfərinin zirvəsində Şuşa əməliyyatı dayanır. Bu möhtəşəm zəfərin memarı Prezident İlham Əliyev Ata vəsiyyətini yerinə yetirərək Ulu Öndər Heydər Əliyevin başladığı işi məntiqi sonluğuna çatdırdı. Bununla da O öz adını Azərbaycan tarixinə qüdrətli sərkərdə, Müzəffər Ali Baş Komandan kimi əbədi yazdırdı.
BMT Təhlükəsizlik Şurasının 27 il kağız üzərində qalmış 4 qətnaməsini Azərbaycan özü icra etdi. 44 günlük Vətən müharibəsi xalqımız üçün əbədi zəfər salnaməsinə çevrildi. Bu mənada 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaq, bu tarix bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür.
2023-cü ilin sentyabrın 19-20-də Zəfər yürüşünün davamı olan antiterror tədbirləri uğurla nəticələndi. Antiterror tədbirləri Ali Baş Komandanın qətiyyətini, dəmir yumruğun yerində olduğunu, Ordumuzun gücünü bir daha nümayiş etdirdi. Düşmən üç il əvvəl olduğu kimi, yenə ağ bayraq qaldıraraq təslim olmağa məcbur edildi. Bununla da Qarabağda terrorçuların və separatçı rejimin mövcudluğuna birdəfəlik son qoyuldu.

28 illik ayrılıqdan sonra doğma Şuşaya qayıtdıq. Qayıdışımızla Şuşaya yeni ruh, yeni nəfəs gəldi. Azadlığına qovuşmuş qədim şəhər artıq böyük quruculuq, təmir-bərpa işlərinin, möhtəşəm tədbirlərin şahidinə çevrilib. Düşmən tapdağından azad edilmiş Şuşanın yeni inkişaf dövrü başlayıb. Ötən 5 ildə Şuşa şəhərində bir sıra mühüm infrastruktur layihələri icra olunub. Burada bütün bərpa-quruculuq işləri planlı şəkildə aparılır və Şuşanın tarixi siması saxlanılır. Prezident İlham Əliyevin 2021-ci il tarixli Sərəncamı ilə Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşada bu gün şəhərin əsl tarixi simasının bərpa edilir”.
Eldar Quliyev şanlı üçrəngli bayrağımızın bu gün bütün azad edilmiş torpaqlarımızda olduğu kimi dünyanın ən mötəbər təşkilatlarında qürurla dalğalandığını vurğulayıb: “Ərazi bütövlüyünü bərpa etmiş müasir Azərbaycan 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin tam hüquqlu varisidir. Uzunmüddətli perspektivdə bu amil azərbaycanlıların tarixi torpaqlarına, o cümlədən Zəngəzura dinc yolla qayıdışı üçün əsasları daha da gücləndirir. Xalq Cümhuriyyəti dövründə qəbul olunmuş Dövlət bayrağı, Dövlət gerbi və Dövlət himni müasir Azərbaycan Respublikasının dövlət rəmzləri kimi qəbul olunub. Həm bayraq, həm gerb, həm də himn Azərbaycan Xalq Cümhuriyyətinin mirasıdır və Azərbaycanın dövlət suverenliyini tərənnüm edir. Məhz bu kontekstdə Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla hər il noyabrın 9-u ölkəmizdə Dövlət Bayrağı Günü kimi qeyd edilməsi mühüm tarixi reallığı özündə ehtiva edir.
Şanlı üçrəngli Bayrağımız 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü Dövlət Bayrağı olaraq təsdiq edilib. Eyni zamanda milli dövlətçilik ənənələrinin inkişafına xidmət etmiş Ulu Öndər Heydər Əliyevin önəmli təşəbbüsü ilə daha sonra Azərbaycan Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırılıb. Beləliklə də 1991-ci il fevral ayının 5-də həmin vəsatət əsasında Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında qanun qəbul edilib. Bu ulu öndər Heydər Əliyevin Azərbaycan xalqına, dövlətçiliyimizə, onun milli atributlarına olan yüksək sevgisinin təzahürü idi. Daha sonra 1991-ci il oktyabrın 18-də müstəqillik haqqında Konstitusiya Aktı ilə də dövlət rəmzləri, o cümlədən Dövlət Bayrağı təsdiq edilib.

Ölkə Konstitusiyasının 75-ci maddəsində də bu məsələ öz əksini tapıb. Hər bir vətəndaşın dövlət rəmzlərinə – bayrağına, gerbinə və himninə hörmət etməsi qanunla müəyyən edilib. Bununla yanaşı 2004-cü ildə Dövlət Bayrağının istifadəsi qaydaları müəyyənləşib. Sözsüz ki, milli həmrəylik və azərbaycançılıq məfkurəsini özündə birləşdirən Dövlət Bayrağı həmrəyliyin, vahid məfkurə ətrafında sıx birləşməyin başlıca prinsiplərini özündə birləşdirir. Bayraq milli identikliyin təzahür formalarından biri olmaqla yanaşı millətin varlığının, mövcudluğunun sübutu, müstəqil dövlətə sahib çıxmaq bacarığının əsas göstəricisidir.
44 günlük Vətən Müharibəsində azad edilən hər bir kənddə, qəsəbədə, yüksəklikdə, şəhərdə ucaldılan üçrəngli şanlı zəfər bayrağımız hər birimiz üçün qürurverici hadisə kimi tariximizə düşüb”.