BAKI 26 oktyabr. TELEQRAF
Prezident İlham Əliyevin Qazaxıstana dövlət səfəri iki ölkə arasındakı münasibətlərin inkişafının növbəti göstəricisi idi. Azərbaycan Prezidentinin Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev tərəfindən yüksək səviyyədə qarşılanması dostluğun-qardaşlığın təzahürüdür. Azərbaycanla Qazaxıstan arasında əlaqələrin inkişafında yeni bir mərhələ başlayıb.
Bu sözləri Teleqraf-a Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyev deyib.
Professor hesab edir ki, Prezident İlham Əliyevin Qazaxıstana etdiyi dövlət səfəri, iki ölkə arasında strateji tərəfdaşlığın daha da dərinləşməsi və türk dünyasında inteqrasiyanın gücləndirilməsinə xidmət edir: “Regional və beynəlxalq siyasi dinamikanın dəyişdiyi bir vaxtda baş tutan bu səfər geniş geosiyasi, iqtisadi və mədəni istiqamətləri əhatə etmiş olur. Azərbaycanla Qazaxıstan uzun illərdir ki, qarşılıqlı etimad və hörmətə əsaslanan münasibətlər qurub.
Prezident İlham Əliyevin bu səfəri zamanı imzalanan bir sıra sənədlər – o cümlədən strateji əməkdaşlığın genişləndirilməsi, təhlükəsizlik və müdafiə sahəsində qarşılıqlı fəaliyyətə dair memorandumlar – tərəflərin birgə regional təhlükəsizlik arxitekturasında oynadığı rolu daha da möhkəmləndirir. Həmçinin səfər zamanı dövlət başçılarının verdiyi bəyanatlar da göstərdi ki, Bakı və Astana regional məsələlərdə – xüsusən Mərkəzi Asiya və Cənubi Qafqazın sabitliyi və inkişafı kontekstində ortaq baxışlara malikdir.

Sözsüz ki, səfər çərçivəsində Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) ətrafında da vacib müzakirələr aparılıb. Qlobal ticarət yolları ətrafında baş verən geosiyasi dəyişikliklər fonunda Orta Dəhlizin əhəmiyyəti artır. Azərbaycan və Qazaxıstan məhz Orta Dəhliz konsepsiyasının əsas iştirakçıları kimi bu nəhəng layihənin reallaşmasında təşveqedici amil kimi çıxış edib. Ölkəmizin başçısının dövlət səfəri zamanı həmçinin nəqliyyat-logistika sahəsində imzalanan razılaşmalar, Azərbaycanın Bakı limanı ilə Qazaxıstanın Aktau və Kurık limanları arasında yükdaşımaların artırılması və texnoloji inteqrasiyanın gücləndirilməsi planları da olduqca əhəmiyyətli idi. Verilən bu birgə qərarlar həm də Avropa ilə Asiya arasında qlobal ticarətin daha dayanıqlı və sürətli həyata keçirilməsinə geniş imkanlar yaratmış olacaq. Həmçinin iki ölkə arasında enerji sahəsində əməkdaşlıq – xüsusilə neft və alternativ enerji layihələri istiqamətində də mühüm işlər görülməkdədir”.
Eldar Quliyev vurğulayıb ki, Prezident İlham Əliyevin Qazaxıstana dövlət səfəri həmçinin Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində inteqrasiyanın daha da gücləndirilməsi baxımından da önəmlidir: “Hər iki ölkə həmçinin türk dünyasının siyasi, iqtisadi və mədəni birliyinin möhkəmləndirilməsinə mühüm töhfə verir. Məhz Prezident İlham Əliyevin səfəri zamanı türk mədəni irsinin qorunması, ortaq tarix, dil və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri də müzakirə olunub.
Bu bir reallıqdır ki, Azərbaycanın Qazaxıstanla münasibətlərin dərinləşdirilməsi, ölkəmizin Mərkəzi Asiya regionundakı nüfuzunun artmasına, eyni zamanda Cənubi Qafqazda həyata keçirilən sülh, əməkdaşlıq və təhlükəsizliklə bağlı addımlar üçün də mühüm töhfə hesab edilir.
Prezident İlham Əliyevin Qazaxıstana dövlət səfəri, təkcə iki ölkə arasında münasibətlərin inkişafı baxımından deyil, həm də Türk dünyasının birliyi, Orta Dəhlizin gələcəyi və regionda sabitliyin təmin olunması baxımından strateji xarakter daşıyır. Səfər zamanı əldə olunan razılaşmalar və verilən mesajlar göstərir ki, Azərbaycan və Qazaxıstan qarşıdakı illərdə həm ikitərəfli, həm də çoxtərəfli platformalarda daha fəal əməkdaşlıq edəcəklər”.