BAKI, 29 avqust. TELEQRAF

Milli Məclisin deputatı, siyasi şərhçi Rasim Musabəyov Teleqraf-ın suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Rasim müəllim, Ermənistan tərəfi 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli razılaşmadan çıxdığını bəyan edib. Həmin razılaşmaya Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın Baş naziri imza atdığına görə, Kreml davamlı olaraq buna istinad edirdi. Bu halda Moskvanın reaksiyasının necə olacağı maraqlıdır…

- Rusiya tərəfi ancaq bu mövzuya aid özünün təəsüfünü bildirə bilər. Nə edə biləcək? Sözsüz ki, heç nə. Kremlin əlində indi bu mövzuya aid hansısa təsir rıçaqları qalmayıb. Vaxtilə Azərbaycan ərazisində məhz üçtərəfli razılaşmaya uyğun olaraq yerləşdirilmiş rus sülhməramlıları olanda Kreml nəsə deyə bilərdi. İndi isə bütün məsələlər Azərbaycanla Ermənistan arasında həllini tapır. Ona görə Rusiya bu məsələdən kənarda qalıb. Ermənistanın Baş naziri Nikol Paşinyan üçtərəfli razılaşmadan çıxdıqlarını deməklə açıq mesaj verir. Çünki 2020-ci ildəki razılaşmanın 9-cu bəndinə görə, Azərbaycanın əsas hissəsindən Naxçıvana Zəngəzurdan keçməklə gedən dəhlizə Rusiya nəzarət etməli idi. Avqustun 8-də Vaşinqtonda əldə edilən razılaşma ilə bu dəhlizə Amerika nəzarət edəcək. Beləliklə, Rusiya oyundan kənarda saxlanılıb.

- Ermənistandan Rusiya hərbi bazasının çıxarılması ilə bağlı kampaniya başladılıb. Qısa zamanda bu mümkün olacaqmı? Rus ordusu asanlıqla bölgədən çəkilə bilərmi?

- Buna dair fərqli fikirlər və ehtimallar səslənir. Sözsüz ki, Rusiyanın Ermənistandakı hərbi bazasını asanlıqla çıxartması biraz çətin olacaq. Ancaq Ermənistanın Türkiyə və İranla sərhəddindəki rus əsgərlərinin çıxarılması daha realdır və qaçılmazdır.

- Azərbaycan və Qazaxıstanın "İbrahim sazişləri"nə qoşulacağına dair iddialar səslənir. İndiki şəraitdə bu nə dərəcədə real görünür?

- “İbrahim sazişləri” 2020-ci ildə ABŞ Prezidenti Donald Trampın birinci hakimiyyəti dövründə onun təşəbbüsü ilə hazırlanmış layihədir. Sazişin məqsədi ərəb ölkələri ilə İsrail arasında münasibətlərin normallaşdırmaqdır. Təl-Əvivin İslam dünyası ilə əlaqə yaratmaqla gərginliyin azalmasına çalışır. Azərbaycan və Qazaxıstanın İsraillə diplomatik əlaqələri var. İsraillə bu iki ölkə arasında heç vaxt problem olmayıb. Hətta Azərbaycan İsraillə strateji tərəfdaşdır.

- Bu sazişə qoşulmaq tərəflər üçün nə vəd edir?

- Azərbaycan və Qazaxıstanın İsraillə münasibətlərini “İbrahim sazişləri”i səviyyəsində endirmək məntiqsizdir. Sadəcə, indi bu sazişə qoşulan yoxdur. Suriya və Livan İsraillə qonşu dövlətlər kimi bu sazişə qoşulmur. Səudiyyə Əribistanı və Qatarın “İbrahim sazişləri”nə qoşulması gözlənilsə də, hələlik heç nə yoxdur. İndiki halda prosesə dinamika vermək üçün Azərbaycanla Qazaxıstanın adı hallanır. Ərəb ölkələrinin isə İsraillə münasibətləri Azərbaycanla müqayisədə 10 faiz səviyyəsində deyil.