BAKI, 6 may. TELEQRAF

Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən şəxslər saxlanılıb.

Bu barədə Teleqraf-a Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.

Qeyd olunub ki, dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və qeyri-qanuni miqrasiyaya qarşı həyata keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində 4 nəfər sərhəd pozucusu saxlanılıb.

"Aprelin 30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində 2 (iki) nəfər - 1996-cı il təvəllüdlü Safi Hedayatullah Eynətullah və 2004-cü il təvəllüdlü Mirzay Mohsin Səfiulla, may ayının 2-də isə daha 2 (iki) nəfər Əfqanıstan İslam Respublikası vətəndaşı - 1999-cu il təvəllüdlü Əfqan Mohammadəmin Mominxan və 2005-ci il təvəllüdlü Əhmədi Əhməd Abdullah dövlət sərhədini pozmağa cəhd göstərənlərin qarşısı alınıb. Araşdırma nəticəsində saxlanılan şəxslərin Azərbaycan ərazisindən tranzit keçməklə qanunsuz yolla Avropa ölkələrinə miqrasiya etmək niyyətində olduqları müəyyən edilib. Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir", - deyə məlumatda qeyd olunub.