BAKI, 14 fevral. TELQERAF

"ABŞ-də Ermənistan ordusunun hərbi təlimlərə qatılması adi bir proqramdır. Amerika ordusu Ermənistana gəlib heç nə edəsi deyil. Bunu ikitərəfli əməkdaşlıqla əlaqələndirsələr də, məqsəd başqadır. Cənubi Qafqazda böyük dövlətlər arasında mübarizə gedir. Sözsüz ki, Ermənistan-ABŞ hərbi əməkdaşlığı və İrəvanın təhlükəli layihələrdə yer alması da gərginliyi tətikləyən hallardır".

Bu sözləri Teleqraf-a açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov deyib.

Ekspert bildirib ki, ABŞ-dəki “Hoenfels” hərbi bazasında Ermənistan ordusunun bir qrup hərbi qulluqçusunun “Joint Resolve-2025" hərbi təlimlərində iştirakı o qədər də əhəmiyyətli bir məsələ deyil: “Burada Ermənistan hərbi polisinin şəxsi heyəti iştirak edir. Təlimlərdə xüsusi əhəmiyyətli obyektlərin mühafizəsi, diversiya-kəşfiyyat qruplarının zərərsizləşdirilməsi kimi manevrlərin icrası nəzərdə tutulub. Ermənistan son vaxtlar ABŞ, Fransa, Hindistan, Yunanıstan və Cənubi Koreya kimi ölkələrlə sıx hərbi əməkdaşlıq içərisindədir. Bunun konkret nəticələri Ermənistana göndərilən silahlar və s. faktlarla bağlıdır”.

Üzeyir Cəfərov Ermənistana bir sıra Qərb dövlətləri və təşkilatları tərəfindən hərbi-siyasi müstəvidə dəstəyin olduğunu söyləyib:

“Avropa İttifaqının Ermənistandakı “missiyası"nın son hərəkətləri buna misaldır. Davamlı olaraq “missiya”nın Azərbaycanla şərti sərhəddə görünməsi, binoklla müşahidələr aparmasından da narahat olmağa dəyməz. Hələ iki il onlar nəsə bir “fəaliyyət”lə məşğul olmalıdırlar.

Azərbaycan o qədər zəif deyil ki, kiminsə gəlib sərhəddə binoklla baxmasından narahat olsun. Təbii ki, bu kimi “fəaliyyət”lər diqqətdə saxlanılır. Atılacaq hər hansı addım Ermənistana zərər vuracaq. Azərbaycan və Türkiyə ilə münasibətləri sahmana salmayana qədər Ermənistan üçün vəziyyət heç də yaxşı olmayacaq”, - Polkovnik bildirib.

Qeyd edək ki, keçən il də Ermənistanda “Eagle Partner 2024" adlı Ermənistan-ABŞ birgə təlimləri keçirilib.