
ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin (USAID) fəaliyyətinin Prezident Donald Tramp tərəfindən dayandırılması ciddi hadisədir. Bəlkə bu qərar bir çoxları üçün gözlənilməz oldu, lakin Trampın prezidentliyinin 1-ci dövründə USAID-in proqramlarına skeptik yanaşmasının şahidi olmuşduq və o zaman hakimiyyətə gəlişinin həm kövrək olması, həm də təcrübənin azlığı səbəbindən bu kimi qətiyyətli addımlar ata bilmirdi.
Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Azay Quliyev deyib.
O söyləyib ki, ikinci dəfə prezident seçkilərində inamlı qələbə qazanan Tramp göründüyü kimi daha cəsarətli və qətiyyətli qərarlar qəbul edir: "USAID-in bağlanması haqqında verilən qərar da bu qəbildən olan qərarlardandır. Vəziyyət o yerə çatıb ki, yeni yaradılan "Hökumət Səmərəliliyi Departamenti”nin rəhbəri İlon Mask USAID-i cinayətkar təşkilat adlandırıb və onun "peşəkar xarici fırıldaqçılıq şəbəkələri"nin böyük məbləğdə vəsaiti oğurladığını, saxta rəqəmsal ABŞ vətəndaşları yaradaraq hökuməti aldadaraq pul qazandıqlarını deyib. Etiraf etməliyik ki, USAID haqqında bu cür sərt bəyanatın veriləcəyini heç kim gözləmirdi. İlk dəfədir ki, USAID-in əsl mahiyyəti bu qədər dəqiq və faktlarla ifşa olunur. İlk dəfədir ki, ABŞ administrasiyası özünün xarici siyasətində USAID kimi təşkilatların səmərəsiz olduğunu etiraf edir. Bu isə o ehtimalı gücləndirir ki, Tramp administrasiyası USAID vasitəsilə dövlətlərin suverenliyinə və siyasi müstəqilliyinə kobud müdaxilədən imtina edəcək, həmin ölkələrin qanuni seçilmiş hakimiyyətini və konstitusion quruluşunu maliyyələşdirdiyi QHT və mətbuat vasitəsilə dəyişməyə cəhd etməyəcək. Təbii ki, bu ehtimalların nə qədər özünü doğruldacağını yaxın aylarda biləcəyik".
A.Quliyevin fikrincə, istənilən halda Trampın USAID-in baş qərargahının bağlanması və orda ciddi yoxlamalara başlaması haqqında qərarı təqdirəlayiqdir: "Bu imkan verəcək ki, burada kök salmış cinayətkar şəbəkə, o cümlədən ermənipərəst şəbəkə tamamilə sıradan çıxsın. Yaxşı ki, Azərbaycan özünün dövlət suverenliyinə və siyasi müstəqilliyinə qrant proqramları vasitəsilə qanunsuz müdaxilə edilməsinin qarşısını almaq üçün vaxtında təsirli addımlar atmağı bacardı. Qrant vəsaitindən sui-istifadələrə yol verməmək, hesabatlılığı və şəffaflığı təmin etmək, milli təhlükəsizliyimizə təhdid yarada biləcək layihələrin qarşısını almaq məqsədilə 2012-2015-ci illərdə “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında”, “Qrant haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” və digər müvafiq qanunlarda dəyişikliklər edildi və bu sahədə olan bütün boşluqlar aradan qaldırıldı".
Deputatın sözlərinə görə, sonrakı hadisələr, xüsusilə, Gürcüstanın eyni addımlar atmasına, yəni xarici müdaxilənin qarşısını almasına yönəlik qanunvericilik təşəbbüsünə Cozef Bayden administrasiyasının və Avropa İttifaqının sərgilədiyi sərt və qeyri-adekvat siyasət, tətbiq olunan sanksiyalar bir daha sübut etdi ki, bu yardım və qrantların tək məqsədi hakimiyyətləri nəzarətdə saxlamaq və lazım gələndə onlara qarşı təzyiq mexanizmi kimi istifadə etmək olub: "Azərbaycan hakimiyyəti isə bunları dəqiq bildiyindən vaxtında çevik və ağıllı hərəkət edərək bütün bu qanunsuzluğun qarşısını aldı. Əgər, bu xarici təsir mexanizmi 2020-ci ildə mövcud olsaydı, o zaman Vətən müharibəsində USAID-in ermənidən daha çox erməni olan direktoru Samanta Pauer kimiləri bu haqq işimizə qarşı daxildə istənilən təxribatı törətməkdən çəkinməzdilər. Zatən, Azərbaycana daxildən müdaxilə edə bilməyən bu təşkilatlar onun qisasını ölkəmizə qarşı ən çirkin kampaniyaları maliyyəşdirməklə, Ermənistana hər cür maddi və siyasi dəstək verməklə almağa çalışdılar.
Ancaq ümid edək ki, Trampın dediyi kimi, "radikal dəlilər tərəfindən idarə olunan" USAID tam təmizlənəcək və orada kök salmış erməni şəbəkəsi və anti-Azərbaycan qruplaşmasının fəaliyyətinə birdəfəlik son qoyulacaq.
Onsuz da Azərbaycan Trampdan daha əvvəl, 2024-cü ilin iyulundan etibarən USAID-in ölkəmizdəki fəaliyyətini qanunsuz hesab etmişdi və faktiki dayandırmışdı".