Politoloq Qabil Hüseynli Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Kazan görüşü Azərbaycanla Ermənistan arasında sülh müstəvisində atılan addımlar, əldə edilən nəticələr baxımından dönüş nöqtəsi ola bilərmi?

- Sülh müqaviləsi imzalansa, Azərbaycanla Ermənistan arasında dövlətlərarası münasibətlər digər dövlətlərlə olduğu kimi olacaq. Yəni qarşılıqlı ticarət əlaqələri qurulacaq, kommunikasiyalar açılacaq. Çox güman ki, diplomatik münasibətlər yaradılacaq. Eyni zamanda hər iki ölkə vətəndaşlarının qarşılıqlı səfərləri də mümkün olacaq. Beləliklə də tədricən iki xalq və dövlət arasında uzun müddət davam etmiş düşmənçilik psixologiyası, nifrət anlayışı yavaş-yavaş aradan qalxacaq. Bununla da iki ölkə arasındakı münasibətlər digər qonşu ölkələr arasındakı əlaqələr kimi asta-asta öz ahənginə düşəcək. Nəticədə, normal bir münasibətlər formalaşacaq.

- Belə çıxır ki, artıq tərəflər arasında yekun sülh üçün zaman qısalıb...

- Bu mümkündür. Çünki hazırda sülh prosesində ABŞ-da maraqlıdır. Amerika Prezidenti Co Bayden noyabrda yeni prezident seçkilərinə qədər bu prosesin yekunlaşmasını istəyir. Baydenin isə prezidentlik müddəti 2025-ci ilin yanvarın 20-də başa çatacaq. Ona görə də, Ağ ev rəhbəri özünün prezidentlik dönəmində Azərbaycanla Ermənistan arasında sülhün əldə olunması niyyətindədir. Bununla da Bayden Cənubi Qafqazda öz adına mühüm bir prosesi həll etdiyini demək arzusundadır.

- Xarici işlər nazirlərinə verilən təlimatın mahiyyəti ilə bağlı nə dermək olar?

- Ehtimal odur ki, Azərbaycanla Ermənistan arasında bu ilin sonuna kimi sülh müqaviləsi imzalanacaq. Elə ona görə də, hər iki ölkə lideri tərəfindən xarici işlər nazirlərinə sülh və dövlətlərarası münasibətləri qısa zamanda nizama salmaq üçün təcili tapşırıq verildi.

- Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının olması fonunda sülhün əldə edilməsi nə dərəcədə realdır?

- Sözsüz ki, ermənilər həmişə xəyallarla yaşayıb. Amma onların bu arzuları heç vaxt reallaşmayıb və bundan sonra da gerçəkləşməyəcək. Sülh müqaviləsi bağlanacaqsa, Ermənistan öz üzərinə müəyyən öhdəliklər götürəcək. Azərbaycana hücum etməmək və müharibə vəziyyəti yaratmamaqla bağlı öhdəliklər rəsmi İrəvanın üzərinə qoyulacaq. Məhz bu amillər Ermənistan konstitusiyasında və digər qanunvericilik aktlarında Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən məsələləri sıradan çıxarır. Eyni zamanda əldə ediləcək yekun sülh müqaviləsi bütün şübhəli məsələlərin üzərindən xətt çəkəcək.